İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla bağlı çox şey erməniləri əsəbiləşdirəcək – Rubinyan

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülhün tərəflər arasında bütün fikir ayrılıqlarının aradan qalxması demək olmadığını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Rubinyan sentyabrın 14-də Ermənistan İctimai Televiziyasına müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, gələcəkdə də Azərbaycanla bağlı bir çox məsələ Ermənistan cəmiyyətində narazılıq və emosional reaksiya doğuracaq.

“Sülh bütün problemlərin bir anda həll olunması demək deyil. Bu, hər məsələdə razılaşdığımız anlamına gəlmir. Üstəlik, Azərbaycanla bağlı çox şey bizi, erməniləri, o cümlədən kimlik baxımından əsəbiləşdirəcək”, – deyə Rubinyan bildirib.

Erməni rəsmisinin fikrincə, sülhün ilkin və əsas şərti tərəflərin bir-birinin mövcudluq hüququnu və sərhədlərini qarşılıqlı tanıması, həmçinin bir-birinə atəş açmamasıdır.

“Sülhün əsas tərifi budur. Bundan sonrakı mərhələdə tarixi hadisələrlə bağlı qarşılıqlı anlaşma, ticarət və digər məsələlər gəlir”, – o deyib.

Rubinyan Ermənistan və Azərbaycanın artıq sülhün bu “baza səviyyəsinə” çatdığını iddia edib. Bununla yanaşı, onun fikrincə, elə məsələlər olacaq ki, Bakı və İrəvan onlar üzrə heç vaxt ortaq mövqeyə gəlməyə də bilərlər.

“Yaxşıdır ki, fikir ayrılığımız bir-birimizə atəş açmaq məsələsində deyil, başqa məsələlərdədir. Biz sakit şəkildə irəliləməliyik”, – deyə Rubinyan vurğulayıb.

O əlavə edib ki, İrəvan zəruri hesab etdiyi məsələlərə ehtiyac yarandıqca və Ermənistanın maraqlarını əsas götürərək cavab verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR