Onlayn ictimai-siyasi qəzet
Musiqiçilər 35 İllik fasilədən sonra ilk dəfə Zəngəzur dəhlizinin girişindən qədim Ordubada yola çıxır.
Tarixi irsə çevrilmiş məhəllələrdə ilk dəfə Ordubad bayatıları, orijinal musiqinin müşayiəti ilə səslənir. Ordubad şəhərinin mərkəzindən ən ucqar kəndlərə qədər uzanan, haqqında danışılmayan və Azərbaycanın digər bölgələrində rast gəlinməyən adət-ənənələr ilk dəfə canlanır. Çünki musiqiçilərin əsas missiyası Ordubadın minilliklərdən gələn və bu günə qədər gizlində qalmış ritmlərini üzə çıxarmaqdır. Ordubadlılar, onların sahib olduqları adət-ənənələr, arte-faktlar, hətta Ordubadda yetişən meyvələr belə tədricən bu ritmlərin ayrılmaz parçasına çevrilir. Qoz ağacları ilə qədim Ordubad evlərinin qapıları arasındakı bağlılıq, qədim Ordubad məscidlərinin nə üçün minarəsiz inşa edilməsi, bumbuz çeşmələrin sirri və daha nələr, ilk dəfə ətraflı şəkildə izah olunur.
Daha Ordubad üçün hər zaman aktual olan ‘’Nə üçün əsrlərdən bəri bura "Cənnətin İqamətgahı’’ deyirmişlər? Və ən əsası Ümumilli Lider Heydər Əliyev nə üçün məhz Ordubadı Azərbaycanın incisi adlandırmışdı?’’ sualları daha cavabsız qalmayacaq. Beləliklə bu ilin fevral ayında ICESCO-nun ilkin siyahısına daxil edilmiş Ordubad fərqli tərəfləri ilə "Cənnətin İqamətgahı’’ sənədli-musiqili-etnoqrafik filmində xüsusi obraza çevrilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında, ICESCO-nun tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə Azernyumedia Şirkətində istehsal edilmiş 45 dəqiqəlik ekran müddətinə malik "Cənnətin İqamətgahı" filminin treylerini təqdim edirik.
Qeyd edək ki, sənədli-musiqili-etnoqrafik film ‘’Azərbaycan Mədəniyyəti-2040’’ konsepsiyası çərçivəsində istehsal olunan ilk ekran işidir. Xatırladaq ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Kamran Qasımov, təsvir rejissoru Arif Zeynalov, bəstəkarı Siyavuş Kərimi, məsləhətçiləri Mir Şahin Ağayev, Cəmil Quliyev və Aytən Cəfərovadır. Eləcə də filmin montaj rejissoru Elçin Şükür, səs supervayzerlərii Samir Əsədov və Uğur Səfərov, bayatıların ifaçısı İlahə Murad və maliyyə direktoru Sevinc Xəlilovadır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AzerNewMedia, REAL TV
16 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ