Onlayn ictimai-siyasi qəzet
Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasətləri Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri, professor Levent Kurnaz güclənən El-Nino hadisəsinin qlobal temperatur göstəricilərində yeni rekordlara səbəb ola biləcəyini bildirib.
Musavat.com xəbər verir ki, mütəxəssisin sözlərinə görə, eyni dövrdə Hind okeanında müsbət Dipol hadisəsinin də yaranması iqlim risklərini daha da artıra bilər.
Məlumata görə, tropik Sakit okeanın Nino 3.4 bölgəsində dəniz səthinin temperaturu sürətlə yüksəlir. Uzunmüddətli orta göstəricidən temperatur fərqi son ölçmələrdə 2,1 dərəcəyə çatıb. Proqnozların reallaşması halında qarşıdakı aylarda çox güclü El-Nino hadisəsinin formalaşması mümkündür.
Kurnaz bildirib ki, El-Nino qlobal orta temperaturun yüksəlməsinə səbəb ola bilər. Hind okeanında müsbət Dipolun da eyni vaxtda meydana gəlməsi isə iki iqlim sisteminin təsirlərini gücləndirərək bəzi bölgələrdə daha kəskin hava hadisələrinə yol aça bilər.
Belə vəziyyətdə Avstraliyanın şərqi və İndoneziyada quraqlıq riskinin artması, Sakit okeanın şərqində və Cənubi Amerikanın qərb sahillərində isə güclü yağış və daşqınların baş verməsi ehtimalı yüksəlir.
Türkiyə və Aralıq dənizi hövzəsində də daha isti və quraq hava şəraitinin üstünlük təşkil edə biləcəyi bildirilir. Bu isə xüsusilə meşə yanğınları riskinin uzun müddət yüksək qalmasına səbəb ola bilər.
Mütəxəssis həmçinin vurğulayıb ki, El-Nino iqlim dəyişikliyinin təsirləri ilə üst-üstə düşdükdə temperatur göstəriciləri keçmişdəki oxşar hadisələrlə müqayisədə daha yüksək ola bilər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ