Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin Naxçıvanda verdiyi açıqlama göstərir ki, Azərbaycan Naxçıvan dəmir yolunun bərpasına xarici sərmayənin cəlb edilməsinə prinsip etibarilə müsbət yanaşır. Lakin mümkün beynəlxalq konsorsiumun yaradılması zamanı əsas şərt Azərbaycanın nəzarət paketini qorumasıdır. Prezident eyni zamanda vurğulayıb ki, xarici investorların iştirakı baş tutmasa belə, Bakı layihəni öz maliyyə imkanları hesabına həyata keçirmək gücündədir.
Bu yanaşma layihənin mahiyyətini də göstərir: Azərbaycan investora ehtiyac duyduğu üçün deyil, layihənin beynəlxalq əhəmiyyətini artırmaq üçün tərəfdaşlığa açıqdır. Aİ-nin Naxçıvan dəmir yoluna marağı da təsadüfi deyil. Brüssel bu xətti Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Transxəzər/Orta Dəhliz bağlantısının inkişafı baxımından nəzərdən keçirir.
Beləliklə, Naxçıvan dəmir yolu üzrə mümkün beynəlxalq konsorsium Azərbaycanın həm maliyyə yükünü bölüşməsi, həm də layihəyə Avropa və digər beynəlxalq tərəfdaşların cəlb olunması baxımından əlavə imkan yarada bilər. Eyni zamanda Bakının nəzarət paketini saxlamaq tələbi layihənin strateji qərarlarının Azərbaycan tərəfindən müəyyənləşdiriləcəyini göstərir. Beynəlxalq konsorsiumda ilk növbədə Türkiyənin iştirakı real görünür. Ankara üçün Naxçıvan bağlantısı həm Azərbaycanla quru əlaqəsinin möhkəmləndirilməsi, həm də Orta Dəhlizin Türkiyəyə çıxışının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bundan başqa, Avropa İttifaqı ölkələrindən – xüsusilə logistika və dəmir yolu sektorunda maraqlı olan Macarıstan, İtaliya və Almaniyanın, eləcə də Çinin iştirakı mümkün variant kimi nəzərdən keçirilə bilər. Çin üçün xətt Orta Dəhlizin Avropaya çıxış marşrutlarından biri, Avropa dövlətləri üçün isə Mərkəzi Asiyaya alternativ nəqliyyat bağlantısıdır. Qısa desək, konsorsiumda Türkiyə əsas regional tərəfdaş, Avropa ölkələri və Çin isə maliyyə, logistika və texnoloji tərəfdaş kimi çıxış edə bilər. Ekspertlər Prezidentin Naxçıvan səfəri zamanı səsləndirdiyi mesajlar, Azərbaycanın perspektiv planları ilə bağlı çox yüksək fikirdədirlər.
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Musavat.com-a açıqlamasında Azərbaycan Prezidentinin Naxçıvanda bir sıra strateji mesajlar verdiyini söylədi: “Eyni zamanda, yalnız Naxçıvan Muxtar Respublikasında değil, bütövlükdə bölgənin gələcəyi və perspektivi ilə bağlı Azərbaycanın mövqeyini təqdim etdi. Təbii ki, xarici sərmayənin cəlb edilməsi hər zaman prioritet məsələlərdən biridir və xüsusən nəzərə alsaq ki, yeni dövrün yeni hədəflərində də qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi məhz əsas hədəflərdən biri kimi göstərilmişdi. Cənab Prezidentin qeyd etdiyi kimi, konkret olaraq Naxçıvanda nəqliyyat və logistika xarici sərmayənin cəlb edilməsi məsələsinə təbii ki, Azərbaycan müsbət yanaşır. Amma konsorsium payının Azərbaycanın nəzarətində olması çox vacibdir. Çünki bütövülkdə götürəndə qəbul edilən qərarlarda ölkəmizin mövqeyinin qorunub - saxlanması və xüsusən də Azərbaycan üçün strateji əhəmiyyət daşıyan və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəhlizləri də nəzərə alsaq, bu kontekstdən təbii ki, Azərbaycan praktiki olaraq bu məsələdə birmənalı şəkildə mövqeyini qoruyub saxlayacaq və bu istiqamətdə də fəaliyyətləri həyata keçirəcək”.
V.Bayramov digər məqamlara da diqqət çəkdi: “Eyni zamanda nəzərə alsaq ki, xüsusən Bakı – Tbilisi - Qars dəmir yolu xəttinin çəkilişi də göstərir ki, bu tip hallarda Azərbaycan öz maliyyə vəsaitləri hesabına da kifayət qədər regional əhəmiyyət daşıyan layihələri reallaşdıra bilir və bunun üçün də ölkəmizin maliyyə resursları və daxili imkanları yetərincədir. Amma təbii ki, bütün bunlarla yanaşı, söhbət kifayət qədər vacib layihələrin reallaşmasından gedir. Əslində bu layihələrin reallaşması çox qısa zamanda Naxçıvanı nəinki Azərbaycanın, bütövlükdə Qafqazın əsas mərkəzlərindən birinə çevirəcək. Çünki bir tərəfdən həm Zəngəzur dəhlizinin istifadəyə verilməsi, digər tərəfdən İranla ikinci dəmir yolu xəttinin çəkilməsi, eyni zamanda məhz Azərbaycan və Naxçıvan üzərindən Avropaya daha çox yüklərin daşınması çox böyük perspektivlər vəd edir. Xüsusən, nəzərə alsaq ki, burada digər vacib məqamlardan biri elektrik enerjisinin ixracatı ilə bağlıdır ki, yaşıl enerjinin Avropa bazarına çıxarılması də məhz bu istiqamətdən reallaşacaq”. Deputatın fikrincə, bütün bunlar əslində onu xəbər verir ki, praktiki olaraq biz bölgədə yeni bir düzənin formalaşması kontekstində Azərbaycanın, həmçinin, onun ayrılmaz hissəsi olan Naxçıvanın mövqeyinin daha da güclənməsini müşahidə edirik: “Bütün bunlar təbii ki, xüsusən də Avropa və Asiya arasında - Londondan Pekinə qədər daşınan yüklərin bir hissəsinin Azərbaycan və Naxçıvan üzərindən daşınmasına gətirib çıxara bilər”.
E.Paşasoy,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ