İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət onları da ölkəyə gətirəcək və haqq etdikləri cəzanı alacaqlar!

“Azərbaycanın bu regiona gətirdiyi və Sülh Şurasının Vaşinqtondakı ilk toplantısında prezident Trampın çıxışından da aydın göründüyü kimi, digər oxşar qarşıdurmalar üçün də hələlik yeganə uğur modeli sayılan sülhün necə möhkəmləndiyi, bunda qətiyyən maraqlı olmayan çevrələrin hansı rəzilliklərə əl atdığı və özlərini azərbaycanlı kimi təqdim edən tör-töküntülərdən nə cür faydalanmağa çalışdıqları haqda öz fikirlərimi bölüşmək istəyirəm. Öncə onu deyim ki, Qarabağdakı keçmiş “miatsum”çu rejimin həm də bəşəriyyət əleyhinə yönələn cinayətlərə görə ittiham olunan təmsilçiləri üzərində məhkəmənin, onun gedişini zərrəbinlə izləyənlərə əleyhimizə yönələcək hər hansı fakt vermədən bitməsini alqışlayıram”.

Musavat.com xəbər verir ki, deputat Sahib Alıyev bu fikirləri parlamentdəki çıxışında söyləyib.

SAHİB ALIYEV.jpg (64 KB)

Deputat daha sonra bunları deyib:

“Ordumuzun torpaqlarımızı işğaldan qurtararkən göstərdiyi yüksək peşəkarlığı prosesin sonrakı gedişində güc strukturlarının, diplomatik xidmət əməkdaşlarının, vətəndaş sektoru təmsilçilərinin, indi də məhkəməmizin təkrarlaması bizim dövlət olaraq da, cəmiyyət olaraq da yetkinliyimizi təsdiqləyir ki, əlbəttə, bu, qürurvericidir. Yüz minlərlə azərbaycanlı torpaqlarından didərgin salınanda, əsir götürüləndə, qətlə yetiriləndə, ağır işgəncələrlə üzləşəndə, elə də uzağa getməyək, İkinci Qarabağ savaşı zamanı cəbhə xəttindən onlarla, hətta yüzlərlə kilometr uzaqda yerləşən şəhərlərimizdə yaşayış kvartallarına raket zərbəsi endiriləndə daha çox kar və kor olmağa üstünlük verən “Amnesty International” kimi təzyiq alətinin məhkəmə haqqında rəyini təbii sayır və rədd edirəm! Həm də ona görə ki, Ermənistan ötən ilin yazında iddia qaldırarkən Beynəlxalq Ədalət Məhkəməsi də, Birləşmiş Millətlər Təşkilatının əsassız həbslərlə bağlı işçi qrupu da məhkəmə prosesinin beynəlxalq standartlara uyğun aparıldığını bildirib.

Mən bu fikirdəyəm ki, məhkəmənin, özəlliklə də Vardanyan üzərində çıxardığı hökm regionda sülhə və Ermənistanın müstəqil dövlət olaraq milli maraqlarından çıxış etməsinə Azərbaycanın növbəti töhfəsidir. Regionda sülhdə qətiyyən maraqlı olmayanlar, Ermənistanı forpost sayanlar, çəkmələri Qarabağda öz missiyasını doğrultmayanlar məhz ona görə hər baxımdan kimliyi bilinməyənlərdən faydalanaraq dövlətimizə, bu mürəkkəb dövrdə millətimizin adını tarixə qızıl hərflərlə yazdıran Liderimizə və onun doğmalarına böhtan atdırır, çirkab yağdırtdırırlar. Keçməyəcək!”

Sahib Alıyev ardınca bildirib:

“Həm də Vardanyanın pulu ilə Münxendə, Vaşinqtonda dövlətimizin üstünə qısqırdılanlar bilməlidirlər ki, özlərindən dəfələrlə qiymətli agenti, transmilli elita brokerlərindən birini, yəni həmin Vardanyanı tutub məhkəmə qarşısına çıxaran dövlət onları da bu ölkəyə gətirəcək və haqq etdikləri cəzanı alacaqlar”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR