Onlayn ictimai-siyasi qəzet
Dünya siyasətinin diqqəti bu həftə Nyu-Yorka yönəlir. BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində dövlət və hökumət başçıları qlobal gündəmin ən mürəkkəb məsələlərini müzakirə etmək üçün bir araya gəlirlər. Bu dəfə diplomatik müzakirələr adi beynəlxalq gündəmdən xeyli ağır fon üzərində keçirilir. Yaxın Şərqdə davam edən müharibə, İran ətrafında gərginlik, Ukrayna müharibəsi, Qəzzadakı vəziyyət, Sudan və digər münaqişələr dünya liderlərinin qarşısında əsas problemlər kimi dayanır.
BMT-nin builki sessiyası həm də təşkilatın özünün gələcəyi ilə bağlı sualların aktuallaşdığı bir dövrə təsadüf edir. Baş Assambleyanın builki əsas şüarı “Etimadı bərpa etmək, transformasiyanı idarə etmək: hamı üçün nəticə verən BMT”dir. Təşkilat bir tərəfdən dünyadakı münaqişələrin həlli və beynəlxalq təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynamağa çalışır, digər tərəfdən isə böyük dövlətlər arasındakı fikir ayrılıqları və çoxtərəfli sistemə olan etimad məsələsi ilə üz-üzədir.
Xüsusilə süni intellekt məsələsinin builki gündəmdə mühüm yer tutması diqqət çəkir. Texnologiyanın sürətli inkişafı onun iqtisadi və sosial imkanları ilə yanaşı, təhlükəsizlik risklərini də ön plana çıxarıb. BMT çərçivəsində süni intellektin beynəlxalq səviyyədə idarə olunması, ortaq qaydaların hazırlanması və texnologiyanın hərbi məqsədlərlə istifadəsinin doğura biləcəyi risklər müzakirə edilir.
Digər tərəfdən, Nyu-Yorkdakı görüşlər liderlərin ikitərəfli təmasları üçün də mühüm platformaya çevriləcək. ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Eyni zamanda İran, İsrail və Ukrayna məsələləri üzrə çıxışlar beynəlxalq ictimaiyyətin diqqətində olacaq.
Beləliklə, BMT-də qarşıdakı günlər yalnız növbəti diplomatik çıxışlarla yadda qalmaya bilər.
Müharibələrin və geosiyasi qarşıdurmaların dərinləşdiyi bir vaxtda dünya liderləri real diplomatik nəticələr əldə edə biləcəklərmi?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a bildirib ki, dünya siyasətinin diqqət mərkəzində olan BMT Baş Assambleyasının 81-ci sessiyası beynəlxalq hüququn əsas prinsipləri, xüsusilə BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edilmiş dövlətlərin suveren bərabərliyi, münaqişələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək öhdəlikləri müstəvisində mühüm əhəmiyyət kəsb edir:
“Məlumdur ki, Yaxın Şərq, Ukrayna, Sudan və İran ətrafındakı mövcud gərginliklər beynəlxalq humanitar hüquq və insan hüquqları normalarının kobud pozulması riski ilə müşayiət olunduğundan, beynəlxalq sülh və təhlükəsizliyin saxlanılması üçün çoxtərəfli mexanizmlərin effektivliyini zəruri edir. Bu baxımdan, təşkilatın elan etdiyi “Etimadı bərpa etmək, transformasiyanı idarə etmək: hamı üçün nəticə verən BMT” konsepsiyası BMT Nizamnaməsinin VI və VII fəsillərində nəzərdə tutulmuş sülhün təmin edilməsi və təcavüz aktlarının qarşısının alınması mexanizmlərinin müasir çağırışlara uyğunlaşdırılması zərurətindən doğur. Eyni zamanda süni intellektin beynəlxalq gündəmə daxil edilməsi texnoloji inkişafın beynəlxalq hüquqi tənzimlənməsi ehtiyacını ortaya qoyur. Süni intellektin hərbi məqsədlərlə istifadəsi beynəlxalq adət hüququnun və 1949-cu il Cenevrə Konvensiyalarının diferensiasiya, mütənasiblik və ehtiyat tədbirləri prinsipləri baxımından ciddi hüquqi risklər yaradır. Bu texnologiyanın idarə olunması üçün vahid beynəlxalq hüquqi çərçivənin və etik standartların hazırlanması qlobal təhlükəsizlik rejiminin hüquqi dayanıqlılığı üçün vacib şərtdir. İkitərəfli yüksək səviyyəli təmaslar isə diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının ruhuna uyğun olaraq, dövlətlərarası ziddiyyətlərin danışıqlar yolu ilə aradan qaldırılmasına xidmət etməlidir. Qeyd olunanlar fonunda təhlillər o qənaətə gəlməyə imkan verir ki, mövcud sessiyanın uğuru liderlərin bəyanatlardan beynəlxalq hüququn imperativ normalarına söykənən icrası məcburi olan praktiki qərarlara keçid etmək iradəsindən asılıdır”.
Cavanşir Abbaslı
Musavat.com
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ