İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neft sənayesi İFLİC olub - Bəs Tramp niyə narahatdır?

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Ukrayna ilə müharibə səbəbindən neft emalı sənayesinə nəzarəti itirib. Tramp həmçinin deyib ki, Ukrayna ilə bu axmaq və sonsuz müharibə bitməlidir. Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Trampın Rusiyanın müharibə səbəbindən neft emalı sənayesinə nəzarəti itirdiyi barədə açıqlaması tamamilə əsassız deyil.

Mia.az - Əli Orucov: "Diaspor Komitəsinin iş keyfiyyətini artırmaq üçün  ciddi dəyişikliklər edilməlidir"

“Lakin bu ifadəni hərfi mənada qəbul etmək də düzgün olmazdı. Rusiya neft sənayesi üzərində nəzarəti itirməyib, lakin Ukraynanın sistemli zərbələri onun neft emalı və daxili yanacaq təminatı imkanlarını ciddi şəkildə zəiflədib. Əgər bu hücumlar uzun müddət davam edərsə, məsələ Rusiyanın ayrı-ayrı zavodlarının sıradan çıxarılmasından daha böyük problemə çevrilə bilər”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın son aylarda neft emalı zavodlarına sistemli dron hücumları nəticəsində Rusiyanın emal gücünün mühüm hissəsi müvəqqəti olaraq sıradan çıxıb: “Məsələ ondadır ki, Ukrayna artıq yalnız hərbi obyektləri deyil, Rusiyanın iqtisadi və enerji infrastrukturunun strateji elementlərini də hədəfə alır. Neft emalı zavodlarına zərbələr bunun ən mühüm istiqamətlərindən biridir. Moskva, Sızran və Saratov kimi müəssisələrdə yaranan problemlər göstərir ki, Rusiya üçün əsas çətinlik təkcə zavodların bərpası deyil, onların fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etməkdir. Rusiya xam neft hasilatını davam etdirə bilər, amma hasil olunan nefti daxildə benzin, dizel və aviasiya yanacağına çevirmək üçün emal gücünə ehtiyac var. Ukrayna məhz bu zəncirin həssas halqasına zərbə vurur”.

Onun fikrincə, Rusiyanın neft sənayesinin çökməsini söyləmək tezdir: “Rusiya böyük neft hasilatına, geniş emal şəbəkəsinə və zədələnmiş müəssisələri bərpa etmək imkanlarına malikdir. Moskva həmçinin emal həcmlərini digər zavodlara yönəltməklə yaranan problemləri kompensasiya etməyə çalışır”.

Ekspertin qənaətincə, Trampın açıqlaması Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları artıq təkcə iki ölkə arasındakı hərbi qarşıdurmanın elementi deyil, qlobal enerji bazarına təsir göstərən amilə çevrildiyindən yaranan narahatlıqdan qaynaqlanır: “Rusiya dünyanın mühüm neft və neft məhsulları ixracatçılarından olduğuna görə onun emal imkanlarının azalması beynəlxalq bazarlarda da qiymət və təklif balansına təsir göstərir.


Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR