Onlayn ictimai-siyasi qəzet
Afrikanın mərkəzindən gələn xəbərlər yeni epidemiya qorxularını yenidən gündəmə gətirib.
Musavat.com xəbər verir ki, dünyanın ən ölümcül viruslarından sayılan Ebola ilə mübarizə aparılan Konqoda vəziyyət nəzarətdən çıxmağa başlayıb: yerli sakinlər Ebola müalicə mərkəzlərinə hücum edib, binaları yandırıb, onlarla xəstə isə yoxa çıxıb.
Hadisə Monqbvalu şəhərində baş verib. Yerli sakinlər Ebola xəstələrinin saxlanıldığı üç müalicə mərkəzinə hücum edib, nəticədə mərkəzlərdən birindən 18 nəfər qaçıb. Yerli xəstəxananın rəhbəri Riçard Lokudi qaçan şəxslərin hələ də tapılmadığını bildirib. Mərkəzlər Médecins Sans Frontières (“Sərhədsiz Həkimlər”) təşkilatı tərəfindən təsdiqlənmiş və ya şübhəli Ebola xəstələrinin müalicəsi üçün istifadə olunurdu.
İlk insident mayın 21-də Rvampra şəhərində qeydə alınıb. Ebola şübhəsi ilə ölən futbolçunun yaxınları həkimlər meyiti dəfn üçün verməkdən imtina etdikdən sonra tibbi mərkəzi yandırıblar. Qəzəbli kütlə xarici humanitar işçiləri “Ebola barədə yalan danışmaqda” ittiham edib.
Vurğulanır ki, vəziyyəti daha da təhlükəli edən amillərdən biri yerli dəfn ənənələridir. Bir çox icmalarda ölən şəxsin bədəninə toxunmaq sevgi və hörmət əlaməti sayılır. Halbuki Ebola virusu məhz cəsədlə təmas zamanı son dərəcə sürətlə yayıla bilir.
Ebola dünyada ən yüksək ölüm göstəricisinə malik viruslardan biri hesab olunur. Bəzi ştamlarda ölüm faizi 50–90 faizə qədər yüksələ bilir. Virus yüksək hərarət, daxili qanaxmalar, orqan çatışmazlığı və sürətli ölüm riski ilə xarakterizə olunur. Qaçan xəstələrin taleyinin naməlum qalması isə Konqoda yeni epidemiya dalğası ehtimalını daha da artırır.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ