İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertdən metro qərarına sərt reaksiya: “İstehlakçıların ikiqat xərcə düşməsi yolverilməzdir”

Məlum olduğu kimi “Bakı Metropoliteni” QSC-nin məlumatına görə, 10-11 ay davam edəcək tikinti müddətində qatarların “Nizami” ilə “28 May” stansiyaları arasındakı hərəkəti dayandırılacaq. Bu müddətdə “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Sərnişinlərin “Nizami” və “28 May” stansiyaları arasında daşınması üçün əlavə avtobuslar təşkil ediləcək, lakin bu avtobuslardan istifadə ödənişli olacaq və sərnişinlərdən 60 qəpik tutulacaq.

Məsələ isə yalnız metro xəttindəki müvəqqəti dəyişikliklə məhdudlaşmır. Yeni nəqliyyat sxemi sərnişinlərin həm vaxt, həm də maliyyə baxımından əlavə yükü ilə nəticələnə bilər. Belə ki, sərnişin metrodan istifadə etdikdən sonra yolunun davamı üçün əlavə olaraq avtobusa minməli və bunun üçün ayrıca ödəniş etməli olacaq. Bu isə sosial şəbəkələrdə ciddi narazılıq doğurub. Vətəndaşlar hesab edirlər ki, metroda yaranan texniki və tikinti zərurətinin maliyyə yükü sərnişinin üzərinə qoyulmamalıdır.

Xüsusilə gündəlik olaraq metrodan istifadə edən vətəndaşlar üçün 10-11 ay ərzində hər səfərə əlavə 60 qəpik ödənilməsi kifayət qədər ciddi məbləğə çevrilə bilər. Bəs metroda aparılan tikinti işləri səbəbindən sərnişinin əlavə nəqliyyat vasitəsindən istifadə etməsi və bunun üçün ikinci dəfə ödəniş etməsi istehlakçı hüquqları baxımından nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:

"Təxminən 20 gün əvvəl Avropanın ən bahalı ölkələrindən biri olan, əhalisi 1 milyona çatmayan Lüksemburqdan qonağım gəlmişdi. Dmitri Yanin istehlakçı hüquqlarını müdafiə edən təşkilatın sədridir. Söhbət zamanı bildirdi ki, Lüksemburqda ictimai nəqliyyat tamamilə pulsuzdur.
Avropanın belə bir ölkəsində ictimai nəqliyyatın vətəndaşlar üçün pulsuz olduğu bir şəraitdə Azərbaycanda tamamilə fərqli mənzərənin yaşanması, əlbəttə, istehlakçılarda narazılıq yaradır. Bu barədə məlumat yayıldıqdan sonra Azad İstehlakçılar Birliyinə çoxsaylı vətəndaş müraciətləri daxil olub. İstehlakçılar yaranmış vəziyyətdən narazılıqlarını bildirirlər".

Qurum sədri qeyd edib ki, istehlakçıların ikiqat xərcə düşməsi yolverilməzdir:

"Bildiyim qədərilə, Azərbaycanda sərnişindaşıma ilə məşğul olan avtobusların böyük əksəriyyəti biznes qurumlarına məxsusdur. Təəssüf ki, biznes qurumları ölkəmizdə hökumətin həyata keçirdiyi siyasətə heç də həmişə adekvat və rahat şəkildə dəstək vermirlər.
Belə bir vəziyyətdə hesab edirəm ki, avtobus sahibləri istehlakçıların pulsuz daşınmasını təmin etməlidirlər. Əhali onsuz da müəyyən çətinliklərlə üzləşir və yaranmış vəziyyətin vətəndaşların əlavə xərc çəkməsi hesabına həll olunması düzgün yanaşma deyil.
Düşünürəm ki, bu, istehlakçılardan bir daha əlavə pul alınması kimi qiymətləndirilə bilər. Azad İstehlakçılar Birliyi olaraq biz bununla razı deyilik.

Hesab edirik ki, avtobus və marşrut sahibləri hökumətin həyata keçirdiyi bu siyasətə dəstək verməli, yaranmış vəziyyətdə əhalinin daşınmasını mümkün qədər pulsuz təmin etməlidirlər. İstehlakçıların əlavə maliyyə yükü ilə üz-üzə qoyulması yolverilməzdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR