İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən çox silah aldığımız ölkələr - İlk üçlükdə onlardır

Bu gün, 8 noyabr - Zəfər Günü münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad təkcə ölkə ictimaiyyətinin deyil, həm də beynəlxalq medianın diqqət mərkəzindədir. Xüsusən də Rusiya mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirəcəyi yeni texnologiyalar və silah sistemlərini yaxından izləyir.

Rusiyanın www1.ru saytı Bakıda keçirilən parad məşqlərindən bəhs edərək, burada “Tor-M2E” tipli zenit-raket sistemlərinin görüntüləndiyini yazıb. Qısa mənzilli taktiki hava hücumundan müdafiə kompleksi olan bu sistemlər istənilən hava şəraitində işləyə bilir və 10-15 km məsafədəki hədəfləri dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

Azərbaycan bu silah sistemlərini bir neçə il əvvəl Rusiyadan əldə edib. Rusiya KİV-lərinin bu dəfə “yeni satış” kimi təqdim etdiyi iddialar həqiqəti əks etdirmir - “Tor-M2E”lər artıq uzun müddətdir ki, ordumuzun arsenalındadır və Qarabağ Zəfərində də öz effektivliyini sübut edib.

Maraqlı məqam odur ki, Rusiya mətbuatı təkcə bu sistemlərə deyil, həm də Çin istehsalı “HQ-9B” zenit-raket komplekslərinə xüsusi diqqət çəkib. Bu silahlar 250-300 kilometr məsafədə, 14 Max sürətlə hərəkət edən hədəfləri belə vurmaq imkanına malikdir. “HQ-9B” eyni anda 8-10 hədəfi məhv edə bilir və Azərbaycanın hava hücumundan müdafiə sisteminin əsas sütunlarından biri hesab olunur.

Paradda həmçinin Belarus istehsalı modernləşdirilmiş “Şilka” zenit qurğuları və “TATRA” bazasında hazırlanmış döyüş modullu zirehli yük maşınları da nümayiş etdiriləcək. Bu, Azərbaycanın hərbi arsenalının tək bir mənbəyə bağlı olmadığını, əksinə, müxtəlif texnoloji məktəblərin sintezini həyata keçirdiyini göstərir.

Mövcud məlumatlara əsasən, Azərbaycan ordusunun əsas silah təchizatçıları arasında Türkiyə, İsrail və Pakistan ilk üçlükdə yer alır.

Türkiyə ilə hərbi-texniki əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoyub. “Bayraktar TB2", ”Akinci" kimi pilotsuz uçuş aparatları, eləcə də “T-122 Sakarya” reaktiv sistemləri ordumuzun strukturuna daxil edilib.

İsrail Azərbaycanın hərbi modernləşmə prosesində xüsusi yer tutur. “Harop”, “LORA”, “SkyStriker” və digər ağıllı sistemlər 44 günlük Vətən müharibəsinin gedişatına ciddi təsir göstərmişdi.

Bu balanslaşdırılmış silah siyasəti Azərbaycanın həm Qərb, həm də Şərq hərbi sənaye məktəblərinin üstün cəhətlərindən faydalanmaq strategiyasını nümayiş etdirir.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

 Rövşən Məhərrəmov

Polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirib ki, Azərbaycan müxtəlif dövlətlərdən silah alır. Onun sözlərinə görə, silah bazarı gündən-günə genişlənir və satışa daha müasir silahlar çıxarılır: “Biz orduda türk modelini seçmişik və NATO sisteminə keçmişik. Buna görə də silahlanma o sistemə uyğun həyata keçirilir. Əlbəttə, köhnə, sovet dövründən qalma və Rusiyadan aldığımız silahları uyğunlaşdırırıq. Hazırda İsraildən, Türkiyədən daha müasir silahlar alırıq. Pakistanla son zamanlar qırıcı təyyarələrlə bağlı 4 milyarddan artıq müqaviləmiz var. Uçuş təyyarələri hərbi hava qüvvələrimizi daha gücləndirir.

Son zamanlar isə Çinlə bizim müqaviləmiz var. Çindən hava hücumundan müdafiə sistemləri və digər silahları alırıq. Qeyd edim ki, Azərbaycanın özü də silah istehsal edir. Türkiyənin istehsal etdiyi “Bayraktar”ları artıq Azərbaycan özü də istehsal edir. 2020-ci ildə biz PUA-lardan istifadə edirdiksə də, 5 il ərzində daha da inkişaf etdik. Son zamanlar ölkəmiz daha da müasir silahlar əldə edir". 

 Ekspert qeyd edir ki, Azərbaycan son zamanlar Rusiyadan silah almır:"Rusiyanın da ayxşı silahalrı var. Əgər elə bir imkan düşsə, Azərbaycan əlbəttə, Rusiyadan da o silahları ala bilər. Hazırda isə Rusiya ilə silah alışı o qədər də aktiv deyil".    

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR