İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuhun gəmisi Türkiyədə - 4500 illik sirrin açılmasına çox az qaldı - FOTO

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonundakı Durupınar formasiyasında Nuhun gəmisinin mümkün izlərinin araşdırılması zamanı yeni nəticələr əldə olunub.

Musavat.com xəbər verir ki, Sivas Cumhuriyyət Universitetinin Arxeologiya bölümünün professoru Cenker Atilanın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu ərazidə apardığı yeraltı radar araşdırmaları zamanı çoxsaylı boşluqlar və müxtəlif səviyyələrdə bir-birini bucaq altında kəsən strukturlar müəyyən edib.

Tədqiqatlar 28 iyun 2026-cı ildə başlayıb. Layihəyə 5 ölkədən təxminən 20 alim və mütəxəssis cəlb olunub. Ərazinin üçölçülü modeli hazırlanıb, GPS ölçmələri və xəritələşdirmə aparılıb, daha sonra müasir yeraltı radar sistemləri ilə formasiya yoxlanılıb.

İlkin nəticələrdə alimlərin diqqətini xüsusilə düzgün kənarlara malik boşluqlar və müxtəlif dərinliklərdə bir-birini müəyyən bucaqlarla kəsən anomal strukturlar çəkib. Lakin tədqiqatçılar bunların insan tərəfindən yaradılmış konstruksiyalar, yoxsa təbii geoloji formasiya olduğunu indiki mərhələdə qəti şəkildə söyləmirlər.

Torpaq və digər nümunələrin laboratoriya analizləri də davam etdirilir. Cenker Atilanın sözlərinə görə, ilkin analizlərin nəticələrinin təxminən 2-3 ay ərzində əldə olunması gözlənilir. Bundan sonra aşkar edilən strukturların Nuhun gəmisi ilə əlaqəsinin olub-olmadığı barədə daha əsaslandırılmış nəticə çıxarmaq mümkün olacaq.

Durupınar formasiyası uzun illərdir Nuhun gəmisinin mümkün qalıqlarının yerləşdiyi ərazi kimi müzakirə edilir. Gəmini xatırladan formasına görə diqqət çəkən bu geoloji struktur Ağrı dağının cənubunda yerləşir. Əvvəlki geofiziki tədqiqatlarda da yerin altında bucaqşəkilli strukturlar, tunelə bənzər hissələr və boşluqların olduğu bildirilmişdi.

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR