İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın “dava yoldaşı” haqqında istintaq başladıldı – Məlik Göyçək üçün kritik araşdırma

Türkiyədə uzun illər Ankara Böyükşəhər Bələdiyyəsinə rəhbərlik etmiş və AK Partiyanın ən tanınmış simalarından biri olmuş Məlik Göyçək haqqında istintaq başladılıb.

Musavat.com xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu keçmiş Ankara Böyükşəhər Bələdiyyə sədri İbrahim Məlik Göyçək barəsində xaricdəki şirkətlərə qeydiyyatdan kənar pul köçürülməsi ilə bağlı yayılan məlumatların araşdırılması məqsədilə istintaqa başlayıb.

Baş Prokurorluğun açıqlamasında bildirilir ki, bəzi media orqanlarında Göyçək haqqında xaricdəki şirkətlərə qeydiyyatdan kənar vəsait ötürülməsi ilə bağlı məlumatlar yayılıb. Bu iddiaların həqiqətə uyğun olub-olmadığının müəyyənləşdirilməsi və məsələnin bütün detalları ilə araşdırılması məqsədilə prokurorluq öz təşəbbüsü ilə istintaqa başlayıb. Hələlik araşdırmanın digər detalları açıqlanmayıb.

Məlik Göyçək Türkiyə siyasətinin ən uzunmüddətli bələdiyyə rəhbərlərindən biri olub. O, 1994-cü ildə ilk dəfə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib və 2017-ci ilədək – 23 ildən artıq müddətdə paytaxta rəhbərlik edib. Göyçək 1994, 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən seçkilərdə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib. O, 2003-cü ildə AK Partiyaya qoşulub.

Göyçəklə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi yolları isə AK Partiyadan daha əvvələ gedib çıxır. Göyçək 1991-ci ildə Refah Partiyasına qoşularaq həmin partiyadan Ankara millət vəkili seçilmişdi. Ərdoğan da həmin dövrdə Refah Partiyasının aparıcı siyasi simalarından idi. Beləliklə, onların siyasi yolları hələ 1990-cı illərin əvvəllərində eyni partiyada kəsişmişdi.

1994-cü il isə onların siyasi münasibətlərində xüsusi mərhələ hesab olunur. Həmin il Ərdoğan İstanbul, Göyçək isə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilmişdi. Ərdoğan özü də sonradan Göyçək barədə danışarkən onu “1994-cü ildən bəri yol və dava yoldaşımız” adlandırmışdı.

AK Partiya hakimiyyəti dövründə Ərdoğan Göyçəkin Ankaradakı siyasi fəaliyyətini uzun müddət dəstəkləyib. Göyçək AK Partiyanın namizədi kimi 2004, 2009 və 2014-cü illərdə Ankara Böyükşəhər Bələdiyyəsi seçkilərində qalib gəlib.

Lakin uzun illər davam edən siyasi əməkdaşlıq 2017-ci ildə ciddi dönüş nöqtəsinə çatıb. Ərdoğanın istefa tələbindən sonra Göyçək Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən ayrılıb. Göyçək istefasını açıqlayarkən bu addımı Ərdoğanın tələbini yerinə yetirmək üçün atdığını bildirmişdi.

İndi isə uzun illər Türkiyə siyasətinin və AK Partiyanın ən tanınmış simalarından olmuş Məlik Göyçək xaricdəki şirkətlərə qeydiyyatdan kənar pul köçürülməsi ilə bağlı iddialar üzrə başladılan istintaqın diqqət mərkəzindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR