İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteynin ölümü öncədən “rəsmiləşdirilib” – Eyş-işrət istəkli yazışmalar, adalar, adlar və bitməyən suallar

“Epşteyn işi” ABŞ tarixinin ən qaranlıq cinayət dosyelərindan biri olaraq qalmaqda davam edir. Aradan illər keçsə də, bu dosye hər yeni sənəd açıqlananda daha da dərinləşir, daha çox sual doğurur. Son günlər üzə çıxan fakt isə artıq ziddiyyət yaradır.

Musavat.com-un xəbərinə görə, açıqlanan sənədlər arasında Epşteynin ölümü barədə arayış var və belə məlum olur ki, arayış onun cəsədi tapılmamışdan 1 gün əvvəl tərtib edilib.

ABŞ Ədliyyə Nazirliyinə aid sənədlər arasında Manhetten üzrə prokuror Ceffri Bermanın hazırladığı arayış layihəsi diqqət çəkir. Sənədin üzərində tarix açıq şəkildə göstərilib: 9 avqust 2019-cu il. Halbuki rəsmi qeydlərə görə, Epşteynin cəsədi 10 avqust 2019-cu il səhər saatlarında Manhetten İslah Mərkəzindəki kamerasında tapılıb.

Həmin arayışda belə yazılıb:

“Bu səhər Manhetten İslah Mərkəzi yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı ittiham olunan Ceffri Epşteynin kamerasında huşsuz vəziyyətdə tapıldığını və qısa müddət sonra ölü elan edildiyini təsdiqlədi”.

Bu mətn bir gün əvvəl necə və hansı əsasla yazıla bilərdi? Bu sual cavabsızdır.

Epşteynin ölümü rəsmi olaraq intihar kimi qeydə alınıb. Lakin kameraların işləməməsi, nəzarətçilərin “yuxuda olması”, Epşteynin əvvəlki “intihar cəhdi”, yüksək təhlükəsizlik statusuna baxmayaraq, tək saxlanılması və indi də ölüm arayışının tarix uyğunsuzluğu bu versiyanı ciddi şəkildə sarsıdır.

Epşteyn ölsə də, onunla birlikdə cavablar ölmədi. Son 3 gün ərzində beynəlxalq mediada – ingilisdilli, fransızdilli və digər nüfuzlu mənbələrdə – Epşteynin yaratdığı cinsi istismar şəbəkəsi ilə bağlı yeni detallara yenidən qayıdılıb. Belə aydın olur ki, söhbət təkcə cinayətdən yox, sistemli bir mexanizmdən gedir. Vircin adalarındakı məşhur “Little Saint James” adası, Nyu-Yorkdakı lüks malikanə, Florida və Nyu-Meksikadakı rançolar Paris və digər şəhərlərdəki gizli ünvanların ortaq cəhəti vardı. Hər biri azyaşlı qızların cəlb edildiyi, “elit qonaqlar” üçün təşkil olunan eşy-işrət dolu qapalı məclislər məkanı idi.

“Epşteyn sənədləri”ndə onlarla tanınmış şəxsin adı keçir. Siyasətçilər, şahzadələr, milyarderlər, məşhur simalar… Xüsusilə aşağıdakı adlar açıqlanan sənədlərdə, yazışmalarda və ifadələrdə dəfələrlə çəkilib: ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu, bir sıra iri maliyyəçilər və lobbiçilər.

Doğrudur, adın sənəddə keçməsi hələ hökm demək deyil. Amma bu günə qədər bu adlarla bağlı məsuliyyət məsələsi çözülmür.

ABŞ Federal Təhqiqatlar Bürosu rəsmi olaraq bildirir ki, Epşteynin “tam müştəri siyahısı” tapılmayıb. Lakin minlərlə səhifəlik ifadələr, uçuş jurnalları, fotoşəkillər, yazışmalar və maliyyə izləri bu siyahını tutmaq üçün kifayətdir. Bu dosyedə əsas problem sübutun olmaması deyil, sübutun siyasi və hüquqi iradə ilə toqquşmasıdır. Epşteyn sağ qalsaydı, ABŞ tarixində bəlkə də ən böyük ifşa dalğası baş verəcəkdi…

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR