Onlayn ictimai-siyasi qəzet
İranla əlaqələndirilən hakerlərin Böyük Britaniyanın enerji infrastrukturuna qarşı indiyədək görünməmiş kiberhücum həyata keçirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, kiberhücum nəticəsində Britaniyadakı elektrik enerjisi istehsal edən obyektlərdən biri dörd gün ərzində fəaliyyət göstərə bilməyib. Bu, İranla əlaqəli hakerlərin Britaniyanın enerji obyektini sıradan çıxarmağa nail olduğu ilk məlum hadisə hesab edilir.
Britaniya hakimiyyəti təhlükəsizlik səbəbindən hücuma məruz qalan stansiyanın adını və yerləşdiyi ərazini açıqlamayıb. Məlumata görə, söhbət ölkənin enerji sistemi üçün həlledici əhəmiyyət daşımayan kiçikmiqyaslı elektrik enerjisi istehsal edən obyektdən gedir. Buna görə də onun dörd gün işləməməsi ölkənin ümumi elektrik şəbəkəsinin fəaliyyətinə ciddi təsir göstərməyib.
Hökumətdəki mənbələrdən birinin sözlərinə görə, obyektin gücü o qədər azdır ki, böyük enerji şirkətlərinin kiberhücumlar barədə məcburi məlumat verməsi üçün müəyyən edilmiş hədlərə “heç yaxın da deyil”.
Hadisənin iyul ayında baş verdiyi bildirilir. Hücum barədə Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinə məlumat verilib. Son hadisədən sonra Britaniyanın enerji şirkətləri yüksək hazırlıq vəziyyətinə gətirilib və hökumət rəsmiləri sektor nümayəndələrini təhlükə barədə məlumatlandırıblar.
Britaniyadakı hücum ABŞ-də su infrastrukturu obyektlərinə qarşı kiberhücumların həyata keçirildiyi dövrə təsadüf edib. Bəzi hücumlar nəticəsində su təchizatı sistemlərində təzyiq problemləri, daşqınlar və suyun çirklənməsi ilə bağlı hallar qeydə alınıb.
Britaniya rəsmilərini narahat edən digər məqam süni intellekt texnologiyalarının sürətli inkişafıdır. Ehtimal olunur ki, süni intellekt gələcəkdə bu cür kiberhücumların daha sürətli və effektiv şəkildə hazırlanmasına imkan verə bilər.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ