İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov səhnədən çəkilir: Kreml Çeçenistanda varis hazırlığına başlayıb?  

Çeçenistan rəhbəri Ramzan Kadırovun ictimai və siyasi fəallığının kəskin azalması onun gələcəyi və hakimiyyətin kimə ötürüləcəyi barədə yeni müzakirələr yaradıb. Kadırov artıq demək olar ki, Çeçenistanı tərk etmir, Moskvada görünmür və əvvəlki seçkilərdən fərqli olaraq hakim “Vahid Rusiya”nın federal kampaniyasına rəhbərlik etmir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Kadırovun son aylardakı fəaliyyətini araşdıraraq onun əvvəlki illərlə müqayisədə siyasi səhnədən nəzərəçarpacaq dərəcədə çəkildiyi qeyd olunur.

Gələn məlumata görə, Kadırov yeriməkdə çətinlik çəkir, ictimaiyyət qarşısına getdikcə daha az çıxır və bu yay onun federal səviyyədə fəaliyyəti, demək olar, dayanıb. Moskvaya səfərlər etmir, böyük tədbirləri buraxır, Rusiya dövlət mediasında isə onun real iştirakının yerini getdikcə daha çox tərif xarakterli süjetlər tutur.

Araşdırmada diqqət çəkən başqa məqam Kadırov ailəsinin Airbus A319 təyyarəsi ilə bağlıdır. Təyyarə Dubay, Bodrum, Moskva, Düşənbə və Səudiyyə Ərəbistanına uçuşlarını davam etdirir, lakin bəzi uçuşlar zamanı Kadırovun özünün Qroznıda olduğu bildirilir. “MO” FSB sərhəd xidmətindən sızdırıldığı deyilən məlumatlara əsasən təyyarədən onun oğulları Adam və Eli Kadırovun istifadə etdiyini yazır.

Müəlliflər bunu Kadırovun ailə daxilində imkan və resursları tədricən övladlarına ötürməsinin əlamətlərindən biri kimi qiymətləndirirlər.

Araşdırmada Kadırovun Kreml daxilindəki mövqeyinin də zəiflədiyi iddia olunur. “MO”nun məlumatına görə, o, əvvəllər malik olduğu Qafqazdakı qeyri-rəsmi təsir imkanlarının bir hissəsini itirib və “Vahid Rusiya”nın Moskvadakı qurultayına dəvət olunmayıb. Nəşr hətta Kadırovun Prezident Administrasiyasının rəhbəri Anton Vayno və onun birinci müavini Sergey Kiriyenko ilə əvvəlki kimi birbaşa əlaqə imkanlarının olmadığını iddia edir.

Diqqət çəkən başqa dəyişiklik seçki kampaniyasında görünür. 2021-ci ildən fərqli olaraq, Kadırov bu dəfə “Vahid Rusiya”nın regional siyahısına rəhbərlik etmir və federal parlament seçkilərində şəxsən iştirak etmir. Kampaniyada onun yaxın çevrəsinin nümayəndələri – Çeçenistan hökumətinin rəhbəri Məhəmməd Daudov, deputat Adam Delimxanov və digərləri ön plana çıxırlar.

Lakin verilən xəbərə görə, mümkün varis məsələsində ən çox diqqət çəkən şəxs Kadırovun oğlu Adam Kadırovdur. Son illərdə gənc Kadırova bir-birinin ardınca müxtəlif dövlət və təhlükəsizlik strukturları ilə bağlı vəzifə və statusların verilməsi onun atasının siyasi mirasının əsas namizədlərindən biri kimi hazırlanması barədə ehtimalları gücləndirib.

Araşdırmada milyarder Süleyman Kərimovun adı da xüsusi çəkilir. Vaxtilə Kadırovla ciddi qarşıdurma yaşamış Kərimovun indi onun Kremlin Prezident Administrasiyası ilə münasibətlərində mühüm vasitəçilərdən birinə çevrildiyi iddia olunur.

Beləliklə, təqdim olunan mənzərənin Kadırovun artıq əvvəlki kimi həm Qroznıda, həm də Moskvada sərbəst hərəkət edən güclü regional lider obrazından uzaqlaşdığını göstərdiyi bildirilir. Onun ictimai fəaliyyəti azalır, federal seçki kampaniyasını yaxın çevrəsi aparır, ailə resurslarından oğulları istifadə edir və mümkün varislər tədricən ön plana çıxırlar.

Bütün bunlar bir sualı aktuallaşdırır: Kreml Kadırovdan sonrakı Çeçenistana artıq hazırlaşırmı?

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR