Onlayn ictimai-siyasi qəzet
Uşaqların cinsi istismarı şəbəkəsini təşkil etməkdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ startaplarına, o cümlədən "Coinbase" kriptovalyuta birjasına və digər perspektivli şirkətlərə aktiv şəkildə investisiya qoyub.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" (NYT) ABŞ Ədliyyə Nazirliyinin məxfilikdən çıxarılan sənədlərinə istinadən yazır.
Məlumata görə, Epşteyn 2014-cü ildə sonradan dünyanın aparıcı kriptovalyuta birjalarından birinə çevrilən "Coinbase" şirkətinə 3 milyon dollar sərmayə qoyub və bu investisiyalar ona milyonlarla dollar qazanc gətirib. Nəşr vurğulayır ki, bu razılaşma Epşteynin 2008-ci ildə azyaşlını fahişəliyə cəlb etməkdə təqsirli bilinməsindən sonra baş tutub.
Sənədlərə əsasən, Epşteyn "Jawbone" startapına əvvəlcə 5 milyon dollar yatırıb, daha sonra isə investisiyasını 11,25 milyon dollara qədər artırıb. Bundan başqa, o, "PayPal"ın həmtəsisçisi Piter Tilin qurucularından olduğu "Valar Ventures" vençur fonduna 40 milyon dollar sərmayə qoyub.
NYT yazır ki, Epşteyn məsləhətçiləri vasitəsilə "Palantir" və "Spotify" kimi şirkətlərə investisiya imkanlarını da araşdırıb və bu məsələni şəxsən Piter Tillə müzakirə edib. 2017-ci ildə isə onun maliyyə məsləhətçisi Pol Barret "Deutsche" Bank əlaqələri vasitəsilə İlon Maskın "SpaceX" şirkətinə "Vy Capital" vençur fondu üzərindən investisiya qoymaq imkanı əldə edib.
Nəşr qeyd edir ki, Epşteyn texnologiya sənayesində geniş əlaqələr şəbəkəsi sayəsində qalmaqallı reputasiyasına baxmayaraq perspektivli startaplara çıxış əldə edə bilib. Müxtəlif dövrlərdə onun "Coinbase" həmtəsisçisi Fred Ersam, investorlar Brok Pirs və Ceyson Kalakanislə əlaqələri olub.
Məlumatda bildirilir ki, 2019-cu ildə həbs olunarkən Epşteynin sərvəti, o cümlədən texnologiya sahəsindəki investisiyalar hesabına 600 milyon dolları ötürdü.
Xatırladaq ki, 30 yanvar 2026-cı ildə ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə 3 milyondan çox səhifə sənədi, 2 mindən artıq video və 180 minə yaxın fotoşəkli ictimaiyyətə açıqlayıb. Azyaşlılara qarşı cinsi cinayətlər, o cümlədən pedofiliya ittihamları ilə bağlı bu dosyelərdə müxtəlif ölkələrdən kral ailələrinin üzvləri, tanınmış siyasətçilər, biznesmenlər, diplomatlar və alimlərin adları keçir. Epşteynin tanışları arasında ABŞ-ın 42-ci prezidenti Bill Klinton və hazırkı prezident Donald Tramp da olub.
Dosyenin tam açıqlanması 2025-ci ilin noyabrında ABŞ Konqresinin qəbul etdiyi və Donald Trampın imzaladığı qanunla tələb olunurdu. Epşteynə qarşı cinayət təqibi isə onun 2019-cu ilin avqustunda həbsxanada intihar etməsindən sonra dayandırılıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ