İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Öcalana vəzifə verəcək? - SENSASİON gəlişmə

Türkiyədə PKK-nın tərk-silah edilməsi və terror təşkilatının ləğvi istiqamətində aparılan prosesdə diqqətçəkən yeni detal ortaya çıxıb. Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum Abdullah Öcalanın Türkiyədə Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyasında çalışacağını açıqlayıb.

Bu məlumat Ankara ilə PKK arasında uzun illərdir davam edən qarşıdurmanın yeni mərhələyə keçməsi fonunda xüsusi diqqət çəkir.

ocalan-yeni.jpg (36 KB)

Öcalanın prosesə hansı statusda və səlahiyyətlərlə cəlb ediləcəyi, onun mümkün rolunun PKK-nın silahı yerə qoyması və təşkilati fəaliyyətini dayandırması prosesinə necə təsir göstərəcəyi isə əsas suallardandır. Ankara terrorla mübarizə və tərk-silah prosesini yeni mexanizmlərlə davam etdirərkən Öcalanın bu prosesdə yer alması Türkiyənin daxili təhlükəsizlik gündəmində mühüm siyasi və strateji dəyişikliklərin baş verdiyini göstərən addım kimi dəyərləndirilir. Burada əsas məsələ Öcalanın prosesə cəlb olunmasının PKK-nın gələcək statusuna və Türkiyənin təhlükəsizlik siyasətinə hansı nəticələri doğuracağıdır. Eyni zamanda bu prosesin Türkiyə-İraq və Türkiyə-Suriya xəttində PKK ilə əlaqəli strukturlara, eləcə də regiondakı təhlükəsizlik balansına təsiri də diqqət mərkəzində olacaq.

Öcalanın prosesdə iştirakı PKK-nın tam tərk-silahı üçün yeni imkan yaradırmı? Ankara bu addımla hansı strateji nəticəni hədəfləyir? Prosesin Türkiyənin daxili siyasətinə və regiondakı təhlükəsizlik mənzərəsinə təsiri necə olacaq?

ZURİYE.jpg (175 KB)

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Abdullah Öcalanın Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyasına cəlb olunması ona siyasi tərəfdaş və ya qərarverici status verilməsi deyil:

“Rəsmi yanaşmaya görə, onun üzərinə PKK-nın buraxılması və silahların təhvil verilməsi barədə öhdəlik qoyulmasıdır. Mehmet Uçum da bunu “imtiyaz deyil, tapşırığın tələb etdiyi şərait” kimi təqdim edir və azadlığa buraxılmadan söhbət getmədiyini bildirir. Öcalanın təşkilat üzərindəki simvolik təsiri silahların təhvil verilməsini sürətləndirə, müqavimət göstərən qrupları zəiflədə və prosesi vahid mərkəzdən idarə etməyə imkan yarada bilər. Lakin real nəticə yalnız Kandildəki rəhbərliyin, İraq və Suriyadakı əlaqəli strukturların qərara əməl etməsi, silahların dövlət tərəfindən qeydə alınması və təşkilati-maliyyə şəbəkəsinin tam ləğvi ilə mümkün olacaq. Ankara bu addımla PKK-nı sadəcə atəşkəsə deyil, geri dönüşü çətin olan hüquqi və təşkilati ləğvə aparmağı hədəfləyir. Proses uğurla başa çatarsa, Türkiyənin daxili təhlükəsizliyində uzunmüddətli sabitlik yarana, kürd məsələsinin silahlı müstəvidən siyasi və sosial müstəviyə keçirilməsi üçün yeni imkan açıla bilər. Bununla yanaşı, Öcalana verilən rolun sərhədləri aydın müəyyənləşdirilməzsə, müxalifət və milliyyətçi dairələrdə “dövlətin güzəştə getməsi” barədə ciddi narazılıq yarana bilər. Regional planda Ankara PKK-nın yalnız Türkiyə daxilində deyil, İraqın şimalında və Suriyada fəaliyyət göstərən bütün qollarının tərk-silah olunmasını tələb edəcək. Xüsusilə Suriya Demokratik Qüvvələri/YPG məsələsi prosesin ən mürəkkəb hissəsi olacaq və bu, Türkiyə-ABŞ münasibətlərinə də təsir göstərə bilər. Yəni Öcalanın iştirakı yeni imkan yaratsa da, prosesin taleyini onun çağırışından daha çox silahların faktiki təhvil verilməsi, bunun müstəqil şəkildə təsdiqlənməsi və PKK-nın regional şəbəkəsinin həqiqətən ləğv olunması müəyyən edəcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR