Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryana qarşı cinayət işi genişləndirilib. İstintaq keçmiş yüksək vəzifəli məmuru iri məbləğdə rüşvət almaq, dövlət vəsaitlərini mənimsəmək, çirkli pulları yumaq və müxtəlif əmlak sxemlərində iştirak etməkdə ittiham edir.
Musavat.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Xaçatryana qarşı daha əvvəl başlanmış cinayət təqibinə yeni ittihamların əlavə olunduğunu açıqlayıb.
İstintaqın əsas epizodlarından biri 2008–2010-cu illərə aiddir. Prokurorluğun versiyasına görə, Xaçatryan “Progress Armenia” və “Local Developers” şirkətlərinə vergi və gömrük orqanlarının himayəsini təmin etmək müqabilində daşınmaz əmlak şəklində xüsusilə külli miqdarda rüşvət alıb.
İddia olunur ki, İrəvanın Şimal prospektində Xaçatryanın oğullarının adına mənzillər, avtomobil dayanacaqları və digər sahələr rəsmiləşdirilib. Alqı-satqı sənədlərində həmin əmlakların ümumi qiyməti 484 milyon dram (təxminən 1,33 milyon dollar) göstərilsə də, onların real bazar dəyərinin 2 milyard 179 milyon dramdan çox (təxminən 5,98 milyon dollar) olduğu bildirilir.
Başqa bir epizod Dövlət Gəlirləri Komitəsinin Dilican tədris mərkəzinin tikintisi ilə bağlıdır. Xaçatryan bu layihə çərçivəsində dövlət büdcəsindən 174,6 milyon dramın (təxminən 479 min dollar) mənimsənilməsində ittiham olunur. İstintaqa görə, sənədlərdə faktiki görülməmiş tikinti işləri göstərilib, bəzi işlərə isə bazar qiymətindən artıq ödəniş edilib.
İstintaqda İrəvandakı Bryusov Universitetinə məxsus əmlakla bağlı ayrıca epizod da var. Prokurorluq universitetə məxsus 451 kvadratmetrdən artıq sahənin və torpağın Xaçatryan, onun oğlu və əlaqəli şəxslərin iştirakı ilə qurulan sxem nəticəsində ələ keçirildiyini iddia edir. Əmlak əvvəlcə 215,2 milyon drama (təxminən 591 min dollar) alınıb, 2017-ci ildə isə 75 milyon dram (təxminən 206 min dollar) göstərilən saxta müqavilə ilə Xaçatryanın oğlunun adına keçirilib.
Keçmiş nazir həmçinin 151,1 milyon dramın (təxminən 415 min dollar) yuyulmasında ittiham edilir. Cinayət yolu ilə əldə edildiyi iddia olunan əmlakın sonrakı illərdə milyonlarla dollarlıq kreditlərin təminatı kimi istifadə olunduğu bildirilir.
Xaçatryan ailəsinin ABŞ-dakı malikanəsi ilə bağlı da ayrıca proses aparılıb. Ermənistan və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində əmlak 2025-ci ilin yanvarında hərracda 36 milyon dollara satılıb. Razılaşmaya əsasən, məbləğin 85 faizi ABŞ hökumətinə, 15 faizi isə Xaçatryanın ailəsinə verilib. ABŞ tərəfinin xərclər çıxıldıqdan sonra qalan vəsaitin Ermənistana qaytarılmasını təklif etmək niyyətində olduğu bildirilir.
Xaçatryan və onunla əlaqəli şəxslərə qarşı ayrıca qanunsuz əmlakın müsadirəsi iddiaları da qaldırılıb. Antikorrupsiya Məhkəməsində onlardan 193 daşınmaz əmlakın, 29 hüquqi şəxsdə payların, 14 daşınar əmlakın, müxtəlif maliyyə aktivlərinin və 17 milyard 761,5 milyon dramın (təxminən 48,7 milyon dollar) müsadirəsi tələb olunur.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, Xaçatryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərinə Antikorrupsiya Cinayət Məhkəməsində baxılır.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ