İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni sevdalısı, Epşteynin və Rusiyanın dostu Yaqland canını həbsdən qurtara biləcəkmi?

Avropa Şurasının sabiq sədri, adı Epşteyn işindən çıxdığına görə intihara əl atan Torbörn Yaqlandın siyasi keçmişi hazırda ciddi müzakirə olunur.

Musavat.com xəbər verir ki, Torbörn Yaqland 1950-ci il noyabrın 5-də anadan olub. Siyasi karyerası dövründə müxtəlif postlarda çalışaraq 1996-97-ci illərdə Norveç hökumətinə rəhbərlik edib. Daha sonra Yens Stoltenberq hökumətində 2000-2001-ci illərdə xarici işlər naziri vəzifəsini tutub, 2005-2009-cu illərdə parlamentin sədri olub. 1992-2002-ci illərdə Norveç Fəhlə Partiyasına sədrlik edən Yaqland ölkənin Avropa İttifaqına qoşulmasının aktiv tərəfdarlarından biri olub. O həmçinin Norveç Nobel Komitəsinin sədri vəzifəsini tutub.

Yaqland 1996-1997-ci illərdə Norveçin baş naziri, 2009-2019-cu illərdə isə Avropa Şurasının baş katibi olub.

Onun adı ABŞ-da açıqlanan “Epsteyn sənədləri”ndə yüz dəfələrlə qeyd edilib. Yaqlandın Epsteynlə şəxsi əlaqələri olub. O, AŞ baş katibi vəzifəsini tutarkən ayrı-ayrı ölkələrin rəhbərləri ilə Epşteyn arasında vasitəçilik üçün özünün  diplomatik statusundan istifadə edib.

Sənədlərə əsasən Epsteyn Yaqland vasitəsilə rusiyalı diplomatlarla əlaqələr qurub, onlarla işgüzar müzakirələr aparıb. Epşteyn sənədlərindən aydın olur ki, maliyyəçi 2018-ci ildə Rusiya tərəfinə Yaqland vasitəsilə Donald Tramp haqqında məlumat ötürməyə çalışıb. 2018-ci ilin 27 iyun tarixli elektron məktubunda Epsteyn Yaqlanda deyib ki, “Lavrov mənimlə danışmaqla Tramp haqqında faydalı məlumat əldə edə bilər”.

“The İndependent”in yazdığına görə, 2014, 2015 və 2018-ci illərdə rusiyalı diplomatlarla görüşə can atan Epşteyn onlarla “iqtisadi mövzularda söhbət etmək” istədiyini ifadə edib. Hesab olunur ki, Yaqland Rusiya ilə qeyri-sağlam əlaqələr qurmaqla  Avropa Şurasında onun əleyhinə addımların qarşısını alıb, Ukraynanın mənafeyinə zidd qərarların qəbulunda rol oynayıb. Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Volodimir Aryev 2017-ci ilin oktyabr ayında Yaqlandı kəskinə tənqid edib: “Avropa Şurasının baş katibi Torbörn Yaqland hamını təəccübləndirməkdə davam edir. Belə təəssürat yaranır ki, artıq kimin nə etdiyinin, nə dediyinin onun üçün heç bir əhəmiyyəti yoxdur. O, birmənalı şəkildə Rusiyanın tərəfini tutur, Ukraynaya arxa çevirir. Avropa Şurasının baş katbi Krımın Rusiya tərəfindən ilhaq edilməsi faktına göz yumur. Bütün qüvvəsini sərf edərək, Rusiya nümayəndə heyətinə tətbiq edilən sanksiyaları aradan qaldırmağa, onları AŞPA-nın sessiya zalına qaytarmağa çalışır”.

Torbörn Yaqland Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə də tanınıb. Avropa Şurası ilə Azərbaycan arasında ilk ciddi problemin yarandığı 2015-ci ildə Yaqland “Azərbaycanda insan haqları üzrə birgə işçi qrup”dan çıxıb. Ardınca AŞ-nin Nazirlər Kabinetinə tamamlayıcı addımlar atılması üçün müraciət edib. Halbuki həmin “Azərbaycanla birgə işçi qrup” məhz Torbörn Yaqlandın təşəbbüsü və xahişi ilə yaradılmışdı.

Azərbaycana qarşı kəskin mövqeyi ilə seçilən Torbörn Yaqland Ermənistanın yaxın dostu olub. Ötən il Norveçə səfər edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ona Ermənistanın “Şərəf” ordenini şəxsən təqdim edib. Təqdimatdan sonra Yaqland erməni sevgisini izhar edib: “Bu ordeni almaq böyük şərəf və məmnuniyyət hissidir. İlk dəfə ermənilərlə və Ermənistanla tanış olanda Norveçin xarici işlər naziri idim. İordan çayının Qərb sahilinə – Ramallaha səfərə getmişdim. Ramazanın son günləri idi. Yasir Ərəfatın bir ənənəsi vardı: bölgədəki bütün dini liderləri Ramazanın son günündə iftar süfrəsinə dəvət edirdi. Məni də dəvət etmişdilər. Yasir Ərəfatın yanında oturmuşdum, sağımda isə yaşlı bir kişi əyləşmişdi. Kim olduğunu bilmirdim, lakin onun üzərində qeyri-adi bir geyim vardı. O, yaşlı adam idi və düşünmürdüm ki, mənim kim olduğumdan xəbəri var. Amma sonra o, mənim Norveçin xarici işlər naziri olduğumu öyrəndi və bilirsiniz nə etdi? Cibindən bir sənəd çıxardı və dedi: “Bu sənəd mənim bütün həyatıma müşayiət edib, bu, mənim həyatımı xilas edib. O sənəd Nansen pasportu idi”.

Erməni sevdalısı Yaqland Epşteynlə qeyri-sağlam əlaqələrinə görə cinayət təqibinə məruz qalmışdı. Norveçin İqtisadi və Ekoloji Cinayətlər üzrə Mərkəzi İdarəsi onun haqqında korrupsiya şübhəsi ilə istintaqa başlayıb. Məlumata görə, Yaqland Epşteyn ilə mütəmadi olaraq əlaqə saxlayıb, xüsusilə 2014-cü ildə maliyyəçinin şəxsi adasını ailəsi ilə birlikdə ziyarət etməyi planlaşdırıbmış, lakin sonradan bu səfər ləğv edilib. Eyni ildə o, Epşteyndən şəxsi mənzil almaq üçün maliyyə yardımı istəyib. Yagland Norveç mətbuatına verdiyi açıqlamada bildirib ki, mənzil alışı nəticədə bank krediti ilə maliyyələşdirilib.

"Ekokrim"in rəhbəri Pol Lönset qeyd edib: "Ehtimal edirik ki, istintaqın başlanması üçün əsaslı səbəblər mövcuddur, çünki o, Yaqland yayımlanan sənədlərdə qeyd olunan dövr ərzində Nobel Komitəsinin sədri və Avropa Şurasının Baş katibi vəzifələrində olub".

Cinayət əməli sübuta yetirilsə, Yaqland azı 10 il həbs olunacaq.

 Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR