Onlayn ictimai-siyasi qəzet
“Albaniyada xristianlıq ermənilərdən 270 il əvvəl yayılıb. Mənbələr, o cümlədən bir sıra erməni mənbələri də bunu təsdiqləyir. Albaniyada xristianlığın I əsrdən etibarən yayıldığı tarixi mənbələrdə öz əksini tapıb”.
Musavat.com xəbər verir ki, bunu AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ramil Ağayev “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.
Ramil Ağayev bildirib ki, Albaniyada xristianlığın yayılması eramızın I əsrinin ortalarından başlayıb. Onun sözlərinə görə, xristianlığı Albaniyada İsa Məsihin şagirdləri – həvarilər Tadey və Yelisey yayıblar: “Yelisey tərəfindən ilk dəfə Azərbaycanda onun adına kilsə də inşa edilib. Yerli fikrə görə, bu kilsə hazırda Şəkinin şimalındakı Kiş kilsəsidir.
Albaniyada xristian dini ermənilərdən 270 il əvvəl yayılıb. Bunu bir sıra erməni mənbələrinin özü də etiraf edir. Musa Kalankatlının “Albaniya tarixi” əsərində də bu fakta rast gəlirik. Əsərdən məlum olur ki, albanlar IV əsrdə hökmdar Urnayrın dövründə xristian dinini rəsmiləşdiriblər. Ermənilər də bizi buradan istəyirlər ki, biz xristian dinini həmin IV əsrdən götürək. Amma mənbələr, alban tarixi qəti şəkildə bildirir ki, Albaniyada xristianlıq I əsrdən etibarən yayılıb”.
Tarixçi qeyd edib ki, ermənilərdə xristianlığın Albaniyadan sonra yayılmasını göstərən başqa faktlar da mövcuddur: “Erməni mənbələrində də, alban tarixində də verilir ki, ermənilər xristianlığı qəbul etdikdən 180 il sonra, katolikos Vazgenin dövründə, yəni 506-cı ildə Dvin kilsə məclisini çağırıblar. Orada daha əvvəl, 451-ci ildə çağırılmış Xalkedon kilsə məclisinin qərarlarını tənqid ediblər. Deməli, 506-dan 180-i çıxanda yenə də IV əsrin əvvəllərinə çıxırıq.
Bu epizodu daha ətraflı təqdim edən Musa Kalankatlı deyir ki, Albaniyada katolikosluq taxtı ermənilərdən çox əvvəl mövcud olub”.
R.Ağayev bildirib ki, Alban katolikoslarının bir-birinə ünvanladığı məktublar və risalələr də bu məsələnin araşdırılmasında mühüm mənbələrdən biridir: “Alban katolikoslarının bir-birinə məktubları var, bunlara katolikosların risalələri deyilir. Həmin risalələr bizim görkəmli akademikimiz Ziya Bünyadov tərəfindən də araşdırılıb. Orada erməni katolikosu etiraf edir ki, Azərbaycanda, Albaniyada, Aranda xristian dini ermənilərdən əvvəl yayılıb”.
Tarixçi Qafqaz Albaniyasında Arşakilər sülaləsinin hakimiyyəti dövrünə də toxunub. Onun sözlərinə görə, sülalənin məşhur nümayəndələri arasında Urnayr və III Mömin Vaçaqan xüsusi yer tutur:
“Arşakilər sülaləsinin birinci nümayəndəsi Cəsur Vaçaqandır. Digər məşhur nümayəndəsi Urnayrdır. Urnayr 313 və ya 314-cü ildə xristian dinini rəsmiləşdirib. Sonuncu nümayəndəsi isə III Mömin Vaçaqandır. Onun dövründə çox mühüm hadisə baş verib. 488-ci ildə Aquen kilsə məclisi çağırılıb. Bu, xristian dininin dayaqlarını Albaniyada daha da möhkəmləndirib”.
R.Ağayev vurğulayıb ki, Alban kilsəsinin tarixi ərzində onun katolikosluq mərkəzləri də dəyişib: “Beləliklə, Alban kilsəsi əvvəldən sonadək müstəqil kilsə olub. Bu kilsənin katolikosluğunun mərkəzi əvvəlcə Çola, VI əsrdən etibarən Bərdə, VIII–IX əsrlərdə Tərtər çayı sahilindəki Bərdə-Qub şəhəri, 1240-cı ildən isə Gəncəsər monastırı olub. 1240-cı ildən 1836-cı ilə qədər, Rusiya tərəfindən Alban katolikosluğu ləğv edilənədək bu ənənə davam edib”.
Tarixçi bildirib ki, Arşakilər sülaləsinə 510-cu ildə son qoyulub. Bundan sonra yerli hakimiyyət qalsa da, bölgə Sasani mərzbanlarından asılı vəziyyətdə olub:
“Bu dövr 510-cu ildən 629-cu ilə qədər davam edib və tariximizdə Mərzbanlıq dövrü kimi qeyd olunur. 629-cu ildən 705-ci ilə qədər Albaniyada Mehranilər sülaləsi hakimiyyətdə olub. Mehranilər sülaləsinin banisi Mehrandır. İlk hökmdarı Varaz Qriqor, ən məşhur hökmdarı isə onun oğlu Cavanşirdir. Qeyd etmək istərdim ki, mənim adlarını çəkdiyim bu şəxslərin hamısını ermənilər özlərinə çıxırlar”.
Şahanə Rəhimli
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ