Onlayn ictimai-siyasi qəzet
Bizim çox məşhur mahnımız var. Sözləri belədir ki:
səndən, yar, sənə, yar,
şikayətim var...
Ötən günlərdə Ermənistanın Rusiyanın hərəkətlərindən AİB-ə müraciət etməsi haqqında eşidəndə qeyri-ixtiyari olaraq bu mahnı yadıma düşdü, hərçənd, İrəvanla Moskva ararasındakı əvvəlki izdivac-məhəbbət daha qalmayıbdır. Rusiya çox operativ şəkildə, necə deyər, Ermənistanın xirtdəyindən yapışdı. Gözəl bilir ki, Paşinyanın Moskvanı tamam Ermənistandan çıxarmaq fikri yoxdur, adam Rusiyanın ölkəsindəki inhisarına son qoymaq istəyir. Rusiyaya isə bu lazım deyil, çünki ortada Avropa İttifaqı söhbəti var, hansından ki, Kreml uşaq qara lələkdən qorxan kimi qorxur.
Əlbəttə, Ermənistanın Avropa İttifaqıyla əlaqələri bir ilin, iki ilin içində qurulan deyil, bunun üçün illər lazımdır, Avropa çox lənng ittifaqdır. Bəs onda çıxış yolu nədədir? Çıxış yolu var, Azərbaycanla, Türkiyəylə normal iqtisadi münasibətlər qurmaq lazımdır. Onun bütün Avrasiya Birliyilə ticarət dövriyyəsi təxminən 3 milyard dollardır. Çox təəssüf ki, onun böyük hissəsi Rusiyanın payına düşür. Yenə də deyirik ki, bunu da Türkiyə və Azərbaycanla həll etmək olar.
İndi görək nə olur? N. Paşinyan demişdi ki, guya yeni konstitusiya layihəsi bu il müzakirəyə veriləcək. Hamı gözləyir. Nikol bunun üçün müəyyən hazırlıqlar görür. Müxalifətçiləri öz tərəfinə çəkmək üçün onlara da vəzifələr verir. Maraqlısı budur ki, hətta Ukrayna müharibəsi Kremli ağıllandırmadı, Putin tutduğunu buraxan adam deyil. Böyük hesabla heç nə edə bilməyəcək, amma Ukrayna kimi növbəti müharibə açmaq onun üçün problem deyil. Hərdən, təsadüfdən-təsadüfə, Rusiyada yaşayan bizim azərbaycanlılarla söhbət edirik. Hətta onların beynini cəfəngiyyatla o qədər doldurublar ki, onlar da Putinə haqq qazandırır, “imperiyanın maraqları belə tələb edir” deyirlər.
Deyəsən, bunu artıq bir dəfə yazmışdım. Bir neçə il bundan əvvəl Soljenitsınla Putinin söhbətini verirdi bəzi Rusiya kanalları. Mən düşünürdüm ki, axı bu KQB uşağı ilə dahi yazıçının nə söhbəti ola bilər? Amma Soljenitsın da vaxtilə bir yazısında on iki respublikaya “əlvida!” deməyi, Ukraynanı, Belarusu saxlamağı tövsiyyə edirdi. Üstəlik, dahi yazıçını da Qazaxstanın böyüklüyü Zatulindən, Solovyovdan az narahat etmirdi...
Qərəz, vəziyyət, yumşaq şəkildə desək, mürəkkəbdir. Amma ortada Gürcüstanın təcrübəsi var, Azərbaycan modeli var. Bir daha deyirik ki, hər həftə gedib Moskvada yalvarmqadansa Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymaq lazımdır. Vaşinqtonun Ukrayna məsələsi ilə bağlı diplomatları ard-arda Moskvaya göndərməsi Rusiyanı bir az da şişirdir. Maraqlıdır ki, Avropada əks proses baş verir. Böyük Brtinainya, Fransa və Almaniya ilə Rusiyanın münasibətləri çox gərgindir. Lavrov hətta bu ölkələrlə müharibədən danışır, bu adam anlamır ki, sadaladığım ölkələrin də ən azı ikisi böyük nüvə dövlətidirlər, onlar Ukrayna deyil.
İndi tez olaraq nəsə Rusiya-Ermənistan münasibətlərində ola bilər. Görək, Paşinyan bunu yoluna qoya biləcəkmi? Biz bu sətirləri yazan zaman o, artıq Fransaya yollanmışdı. Görünür, məsləhət üçün getmişdi Bizdə gülürlər ki, İrəvan kosmosla bağlı tədbirə niyə dəvət alıb? Amma sovet vaxtı Ermənistanda güclü astronomiya-astrofizika elmi məktəbi vardı, çox məşhur “Astrofizika” jurnalı da orada çap olunurdu.
Bundansa gəlin fikirləşək ki, bizi niyə dəvət etməyiblər, axı bizim də rəsədxanamız var, hətta kosmik cihazqayırma (sovetin vaxtında Azərbaycanda “Pulsar X1” rentgen teleskopu yaradılmışdı) sahəsində müəyyən təcrübəmiz vardı.
Bizim azərbaycanlılarda qıcıq yaratsa da həm də gəlin qəbul edək ki, bizim Türkiyəmiz olduğu kimi Ermənistanın da Fransası ola bilər. Həm də görək, müvəqqəti olaraq Qafqazda bizə kim sərf edir: Rusiya, yoxsa Fransa? Əlbəttə, istəməzdik ki, Ermənistan bir ağasını başqasıyla dəyişsin, amma nə etmək olar, Ermənistanın da ayaq üstündə durması üşün vaxt, bir də Bakı və Ankara tərəfdən ona əminlik lazımdır. Fransa bir qələt edə bilsəydi İkinci Qarabağ savaşı zamanı edərdi.
Həm də Fransanın bir dövlət olaraq İrəvanı Bakıya və Ankaraya qarşı qoymaq, ən azı Zəngəzur layihəsinə qarşı çıxmaq, Rusiya kimi bu müstəvidə bir oyun çıxarmaq istəyi varmı? Yox, əgər olarsa, cavabını da dərhal alar. Ən azı Makron tamam axmaq da deyil, Fransa da təcrübəli dövlətdir və başa düşməlidirlər ki, İrəvanı Moskvanın orbitindən çıxarmağın yeganə yolu onun Bakı və Anakara ilə münasibətlərini dəyişməkdir. “Coğrafiya taledir” deyirdi Napoleon. Odur, ermənilər bir daha sarsaqlıq edib yaddan çıxarmamalıdırlar ki, onların qonşusu Fransa deyil, Azərbaycan və Türkiyədir...
15 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ