İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk düşmənindən sarsaq İDDİA – Bakı İrəvandan BUNU istəməz...

Erməni revanşistlər sülh maskası altında müharibə təbliğatı aparmağa davam edirlər. Radikal-avantüristlər var gücləri ilə çalışırlar ki, Azərbaycan və Türkiyə ilə barışıq heç vaxt mümkün olunmasın. Sülh müqaviləsi imzalanmasın, ölkə Rusiya orbitindən uzaqlaşmasın və həmişəlik onun hərbi forpostu kimi qalsın.

Bunun üçün bütün diqqət və səylər, media və maliyyə resursları ictimai rəyi çaşdırmağa yönəlib. Hər necə olmasa, gözlənilən referendumda nəticəni məhz kütlə müəyyən edəcək...

“Əliyev və Paşinyan xalqımızı bir daha seçim qarşısında qoyublar: ya Ermənistan yeni əraziləri, xüsusən də Tiqranaşeni (işğaldakı Kərki kəndi – red.) və Tavuşdakı strateji əhəmiyyətli əraziləri güzəştə gedəcək, ya da müharibə olacaq”.

Bunu daşnak rəsmisi, Türk düşməni İşxan Saqatelyan bildirib.

Onun iddiasına görə, konstitusiya dəyişikliyindən sonra belə, Bakının tələbi, Paşinyanın isə güzəşti bitməyəcək. “Azərbaycanın növbəti tələbi isə Ermənistanın öz ordusundan imtina etməsi ilə bağlı ola bilər”, – Saqatelyan deyib və Paşinyanı İlham Əliyevin hərəkətlərini “legitimləşdirməkdə”, Ermənistanı “itki ilə üzləşən tərəf kimi deyil, işğalçı qismində göstərməkdə” günahlandırıb (sanki dünənədək belə deyilmiş!)

“İndi əsas vəzifəmiz dövlətin və xalqın üzləşdiyi bu yeni çətinliyin öhdəsindən birlikdə gəlmək və nəhayət, güzəşt zəncirini qırmaqdır", – revanşist deputat sarsaqlayıb...

Sözsüz ki, bu, erməni obıvatelin saqqızını oğurlamaq və üzdəniraq “miatsum” xülyasını ictimai şüurda “isti” saxlamaq cəhdidir. Yeri gəlmişkən, radikallar neçə vaxtdır iqtidara qarşı məhz bu tezisdən gen-bol istifadə edirlər. Guya “türk” Nikol Bakı və Ankaranın diktəsi və “yol xəritəsi” ilə hərəkət edir.

Azərbaycan ordusu dünya miqyasında neçəncidir? — Siyahı açıqlandı

Əlbəttə, belə deyil. Ermənistan rəhbərliyi, sadəcə, Azərbaycan Ordusunun regionda yaratdığı yeni status-kvonu və Rusiyanın siyasi “şıltaqlıqlarını” ciddiyə almaq zorundadır. Guya Paşinyanın yerində hansısa başqa “-yan” olsaydı, nə qələt qıracaqdı ki.

Bakının İrəvandan yalnız bir tələbi var: konstitusiyada ölkəmizə qarşı əsassız ərazi iddiası ilə bağlı müddəa-istinad çıxarılsın. Bu, tam haqlı bir şərt-tələb, çünki bütünlüklə beynəlxalq hüquqa, BMT Nizamnaməsindən qaynaqlanır – hansı beynəlxalq hüquq və Nizamnamə ki, onun haqqında rəsmi İrəvan və radikal müxalifət işğaldan sonra nədənsə tez-tez danışmağı başlayıb.

Konstitusiyaya müvafiq dəyişiklikdən və ya təzəsi qəbul ediləndən sonra isə Bakının başqa tələbi olmayacaq. Niyə də olsun? Çünki referendumun nəticəsi müsbət olacağı halda sülh müqaviləsi dərhal imzalanacaq və münaqişə səhifəsi həmişəlik qapanacaq. Daşnaklarının və onların müttəfiq-havadarlarının, erməni kilsəsi və lobbisinin yuxusunu qaçıran da elə budur...

Ordunun ləğvi məsələsinə gəlincə, Azərbaycan Ermənistan hökumətinə belə bir çağırış eləməz. Nədən ki, konstitusiya tələbindən fərqli olaraq, bu, beynəlxalq hüquqa zidd olardı. Hərçənd, öz işğalçı siyasəti ilə Ermənistan bu haqqı de-fakto itirib. Hələ o, sübut eləməlidir ki, artıq sülhpərvər ölkədir və bölgədə bir daha müharibə mənbəyi və ya səbəbkarı olmayacaq.

İstənilən halda ordu saxlayıb-saxlamamaq Ermənistanın daxili işi. Hərgah, sülh müqaviləsindən sonra, Bakı və Ankara ilə siyasi-diplomatik, iqtisadi-ticari əlaqələr qurulandan sonra buna bir elə ehtiyac qalmayacaq...

Nəhayət, daşnaklar bunu da qulaqlarında sırğa eləsinlər ki, Bakının tələbi təkcə Nikol Paşinyan iqtidarına yox, daşnaklar daxil, ümumən Ermənistana və erməni xalqına ünvanlanıb. Ki, həqiqətən də iqtidarlı-müxalifətli bu toplum sülh istəyirsə, savaşdan bezibsə, onda o, müharibə konstitusiyasından təcili və həmişəlik imtina eləməlidir. Zira, dəfələrlə bəyan edilib, biz ordakı hakim “Mülki müqavilə” partiyası ilə yox, erməni xalqı ilə sülh sazişi imzalamaq istəyirik.

Elə bir saziş ki, Konstitusiya Məhkəməsi onu təsdiqləsin, parlamentdə ratifikasiya olunsun və beləcə, bütün zamanlar və hakimiyyətlər üçün legitim sənəd statusu alsın. Bir növ Qars Müqaviləsi kimi. Daha bir səbəbə: biz “Dağlıq Qarabağ” adlı uydurma problemi, qanlı faciəni “qablaşdırıb” yenidən gələcək nəsillərə saxlaya bilmərik.

Qısacası, sabah, yaxud biri gün iqtidarda Paşinyan yox, tutaq ki, Pişikyan və ya lap elə Saqatelyan çaplı çaqqallar olsa belə, Azərbaycanın haqlı tələbi dəyişməyəcək. O zaman yenə iddia edəcəklər ki, İrəvan Bakının dediyi ilə oturub-durur?..

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR