Onlayn ictimai-siyasi qəzet
Ürək-damar xəstəlikləri riskini artıran yüksək xolesterin səviyyəsi kifayət qədər geniş yayılmış problemdir. Bu problemlə qarşılaşan insanların çoxuna dərman qəbul etmək tövsiyə olunur, lakin xolesterini təbii yolla azaltmağın da üsulları var.
Musavat.com xəbər verir ki, bu barədə "Science Focus" nəşri yazır.
Məqalədə qeyd olunur ki, birinci üsul fiziki hərəkətlərdir. "Sports Medicine" jurnalında dərc olunan 2013-cü il tədqiqatında bildirilir ki, qaçış və ya velosiped sürmək kimi aerobika məşqləri "pis" xolesterin səviyyəsini təxminən 5% azalda və "yaxşı" xolesterini bir o qədər artıra bilər.
Xolesterini azaltmağın ikinci yolu siqaretdən imtina etməkdir. Tütün tüstüsünün "pis" xolesterini artırdığı və sağlamlıq üçün riskləri çoxaltdığı yaxşı məlumdur.
"Circulation" jurnalında dərc olunan 2019-cu il araşdırması isə eyni təsirin veyplərə (elektron siqaretlərə) də aid ola biləcəyini göstərir.
Xolesterin səviyyəsini yaxşılaşdırmağın üçüncü və ən yaxşı yolu isə qidalanmanı dəyişməkdir. London Universitet Kollecinin akademik kardioloqu Riyaz Patel belə hesab edir.
Məqalədə bildirilir ki, getdikcə daha çox tədqiqat qənnadı məmulatlarından, emal olunmuş ətdən və yağlı pəhrizdən çəkinməyin vacibliyinə işarə edir. Lakin məsələ yalnız bunlarla bitmir.
Xolesterinin özü zərərli maddə deyil, çünki yaşamamız üçün vacibdir.
"Bu mumabənzər maddə bütün bədəndə mövcuddur, hüceyrə membranlarının mühüm komponentidir və testosteron ilə estrojen kimi hormonların hasil olunmasına kömək edir. O, həmçinin orqanizmdə D vitamininin və qidanı parçalayan öd turşularının yaranmasında mühüm rol oynayır", - deyə məqalədə vurğulanır.
Qeyd edildiyi kimi, problem orqanizmdə xolesterinin müəyyən növü – aşağı sıxlıqlı lipoproteinlər (ASL), yəni "pis" xolesterin həddindən artıq çoxaldıqda yaranır.
"Xolesterininizin məhz hansı göstəricisinin yüksək olduğunu anlamaq vacibdir. Xolesterin, yağ kimi, qanda sərbəst üzə bilmir. O, lipoprotein adlanan zərrəciklərdə qalmalıdır", – deyə Patel bildirir.
Həkimin sözlərinə görə, bu lipoproteinləri bədəndə xolesterin daşıyan kiçik yük maşınları kimi təsəvvür etmək olar: ASL onu qaraciyərdən qan dövranına, yüksək sıxlıqlı lipoproteinlər (YSL) - "yaxşı" xolesterin isə qan dövranından yenidən qaraciyərə daşıyır.
Lakin ASL arteriyalarımızın daxili qabığına – endotelə çırpılmaq xüsusiyyətinə malikdir. Sağlam arteriyalar üçün bu problem olmamalıdır, lakin onlar yüksək qan təzyiqi, siqaret çəkmə, havanın çirklənməsi, qocalma, iltihab və ya bir sıra digər amillər səbəbindən artıq zədələnibsə, ASL daxildə ilişib qala bilər. Bu baş verdikdə, onun üzərində ərp toplanmağa başlayır.
"Ürək tutmaları ərpin bir hissəsi çatladıqda, üzərində laxta əmələ gəldikdə və arteriyanı tutduqda baş verir. Deməli, ərplərin olması böyük problemdir", – deyə Patel qeyd edir.
Rasiona hansı qidaları əlavə etmək lazımdır?
"Yulaf yarması (herkules) təbii yolla xolesterin səviyyəsini azaltmağın çox yaxşı yoludur. Hər şey liflə bağlıdır. Yulafın tərkibində xolesterini azaldan həlledici liflər var", – həkim izah edir.
Həlledici liflər həmçinin mərcidə, paxlalılar fəsiləsində, tərəvəzlərdə, meyvələrdə, qoz-fındıqda və toxumlarda olur.
Digər bir məqam isə sterollar və stanollardır, deyə Patel bildirir. Bunlar zənginləşdirilmiş yoqurtlarda, spredlərdə və ya qida əlavələrində olan və orqanizmimizin xolesterinlə dəyişik saldığı bitki birləşmələridir.
Tərkibində xolesterin olan qida qəbul etdikdə, bağırsaqdakı reseptorlar onun qan dövranına sorulması üçün onu tanıyır. Sterollar və stanollar bu reseptorları aldadaraq onların əvəzinə özləri sorula bilir. Nəticədə daha çox xolesterin orqanizmdən xaric olunur və qana daha az xolesterin daxil olur.
"Ehtimal ki, bu, xolesterini dərmansız azaltmağın ən yaxşı yoludur – adətən təxminən 10% azaldır", – deyə mütəxəssis vurğulayır.
Nədən qaçınmaq lazımdır?
Əvvəllər xolesterindən qorxan insanlar hətta yumurta sarısından da imtina edirdilər. Məqalədə qeyd olunur ki, yumurtanın tərkibində gerçəkdən çoxlu qida xolesterini var, lakin bu, qanda dövr edən xolesterin deyil.
"Qida xolesterini qanda dövr edən xolesterinə bərabər deyil. Bu tamamilə aydındır. Əvvəllər deyərdik ki, tərkibində çoxlu xolesterin olan qidalar zərərlidir, çünki onlar xolesterini qaldırır. Bu yalandır", – həkim əmin edir.
Əslində orqanizmdə dövr edən xolesterinin təxminən 80%-ni birbaşa qidadan almaq yerinə qaraciyər özü istehsal edir. Lakin bu, qidanın dolayısı ilə ASL səviyyəsine təsir etmədiyi anlamına gəlmir. Məsələn, o, qaraciyərin qandakı xolesterin səviyyəsini tənzimləməsinə mane ola bilər.
Statinlər kimi, bəzi qidalar da qaraciyərin işini dəyişdirərək dərman kimi təsir edir. Məsələn, doymuş yağlar yağlı və emal olunmuş ətdə, kərə yağında, pendirdə, qənnadı məmulatlarında, fritürdə qızardılmış qidalarda və kokos yağında olur. Buna görə də çoxlu doymuş yağ istehlakı qanda ASL səviyyəsinin artması ilə bağlıdır.
"Təsəvvür edin ki, çoxlu doymuş yağı olan qənnadı məmulatları yeyirsiniz. Bu doymuş yağlar sorulduqda qaraciyərin ASL xolesterinindən azad olmasına mane olur və nəticədə onun səviyyəsi artmağa başlayır", – o bildirir.
Şəkər də qaraciyəri daha çox ASL və daha az YSL istehsal etməyə həvəsləndirərək xolesterin səviyyəsinə təsir edə bilər.
Eyni zamanda, bu o demək deyil ki, qənnadı məmulatlarından və şəkərdən həmişəlik imtina edib yalnız yulaf yarması ilə qidalanmalısınız. Qeyd edildiyi kimi, kənaraçıxmalar sağlamlıq üçün əlverişsiz və gözlənilməz fəsadlar verə bilər. Patelin sözlərinə görə, cavab sağlam, tamdəyərli və balanslaşdırılmış qidalanmadadır.
"Xəstələrimə tövsiyə verərkən onlara rəngarəng, balanslaşdırılmış rasiona əməl etməyi – karbohidratların və doymuş yağların həddindən artıq çox olmadığı rasionu və ultra-emal olunmuş qidaların istehlakını maksimal dərəcədə azaltmağı məsləhət görürəm".
O izah edib ki, ultra-emal olunmuş qidalar da doymuş yağlar və şəkər kimi arteriyaların iltihabi zədələnmələrinə səbəb ola bilər. Onlar həmçinin metabolik xəstəliklərin, məsələn, 2-ci tip şəkərli diabetin inkişaf riskini artırır ki, bu da öz növbəsində ürək-damar xəstəliklərinin yaranma ehtimalını yüksəldir.
"Ehtimal ki, ən optimal variant – sadəcə hər şeyi qədərində yeməkdir. Balanslaşdırılmış rasion qismən ac olduqda nə yemək istədiyinizlə müəyyən edilir. Orqanizminiz nəyə ehtiyacı olduğunu kifayət qədər yaxşı bilir", – deyə Patel yekunlaşdırıb.
Xatırladaq ki, bundan əvvəl xolesterini azaltmaq üçün ən yaxşı idman hərəkətləri barədə məlumat verilmişdi. Fizioloqların sözlərinə görə, göstəriciləri yaxşılaşdırmaq istəyirsinizsə, sizə kombinə edilmiş məşqlər, yəni həm aerobika, həm də güc məşqlərini özündə birləşdirən müntəzəm məşğələlər lazımdır. Aerobika məşqləri enerji (kalori) sərfiyyatının və lipidlərin (yağların) istifadəsinin artması hesabına ASL səviyyəsini azaltmağa kömək edir. Güc məşqləri isə əzələ kütləsinin və enerji sərfiyyatının artması sayəsində YSL səviyyəsini yüksəldə bilər.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ