İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökumətsiz qala bilər – Yeni təhlükə

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində heç bir siyasi qüvvə təkbaşına hökumət formalaşdırmaq üçün kifayət qədər mandat qazana bilməsə, ölkədə koalisiya hökuməti modeli gündəmə gələcək. Ermənistanın parlament idarəetmə sistemi buna hüquqi imkan verir və belə ssenari siyasi baxımdan olduqca real görünür.

Siyasi analitiklər hesab edir ki, belə vəziyyət Ermənistanda həm daxili siyasi balansı dəyişə, həm də xarici siyasət kursuna təsir göstərə bilər. Heç bir siyasi qüvvənin təkbaşına hökumət qura bilməməsi Ermənistan üçün sadəcə texniki koalisiya məsələsi deyil. Bu, ölkənin gələcək siyasi kursu, regional mövqeyi və daxili sabitliyi baxımından ciddi nəticələr doğura biləcək mərhələ ola bilər.

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, Ermənistanda koalisiya hökuməti yaranarsa, qərarvermə prosesi daha mürəkkəb olacaq. Çünki müxtəlif ideoloji xəttə malik partiyalar arasında kompromis tapmaq lazım gələcək:

“Bu isə xüsusilə təhlükəsizlik, Azərbaycan və Türkiyə ilə münasibətlər, eləcə də Rusiya-Qərb balansı məsələlərində özünü göstərəcək. Ermənistan hazırda geosiyasi seçim qarşısındadır və hakimiyyətin zəifləməsi xarici aktorların təsir imkanlarını artıra bilər.

İkincisi, əgər seçkidən sonra uzun müddət koalisiya qurmaq mümkün olmasa, Ermənistanda siyasi böhran dərinləşə bilər. Konstitusiyaya uyğun olaraq parlament müəyyən müddətdə baş nazir seçə bilməzsə, növbədənkənar seçki ehtimalı yaranır. Bu isə onsuz da parçalanmış siyasi mühiti daha da gərginləşdirə bilər.

Digər mühüm məqam odur ki, Ermənistan cəmiyyəti hazırda sülh, yoxsa müharibə seçimi arasında qalıb. Bir tərəf Nikol Paşinyanın komandasını bütün problemlərə baxmayaraq “müharibədən sonrakı reallığı qəbul edən qüvvə” hesab edir, digər tərəf isə onu ciddi güzəştlərdə ittiham edir. Nəticədə səslərin çoxsaylı siyasi qüvvələr arasında parçalanması mümkündür. Belə şəraitdə kiçik partiyalar və blokların dəyəri artacaq. Yəni hökumətin qurulması onların dəstəyindən asılı olacaq. Bu isə həmin qüvvələrin siyasi çəkisini real elektorat gücündən daha artıq edə bilər”.

Partiya sədrinin sözlərinə, Regional aspektdən baxanda isə zəif və kövrək koalisiya hökuməti Ermənistanın xarici siyasətdə daha ehtiyatlı davranmasına səbəb ola bilər:

“Xüsusilə Azərbaycanla sülh sazişi, sərhəd delimitasiyası və kommunikasiyaların açılması kimi həssas məsələlərdə İrəvanın manevr imkanları məhdudlaşa bilər. Çünki koalisiya daxilində hər hansı radikal qüvvənin təzyiqinin hökumətin qərarlarını bloklaya bilməsi riskləri meydana çıxacaq.

Eyni zamanda, belə vəziyyət Rusiyanın Ermənistandakı təsir imkanlarını yenidən artırmaq üçün fürsət hesab olunacaq”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR