Onlayn ictimai-siyasi qəzet
Ermənistanda bir sıra icmalarda növbəti seçkilərin keçirilməsi barədə qərar qəbul edilib.
Musavat.com xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı məlumata görə, Zəngəzur vilayətinin qubernatorunun 3 avqust 2026-cı il tarixli qərarı ilə Gorus və Mehri icmalarında növbəti seçkilər təyin olunub.
Bundan başqa, Lori vilayətinin qubernatorunun 4 avqust 2026-cı il tarixli qərarlarına əsasən, Stepanavan və Fioletovo icmalarında da növbəti seçkilər keçiriləcək.
Komitə seçkilərin təyin olunması ilə əlaqədar namizədlərə, siyasi partiyalara və onların nümayəndələrinə qanunvericiliyin tələblərini xatırladıb.
Ermənistan Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, seçkilərin təyin edilməsi barədə qərarın qüvvəyə mindiyi gündən nəticələrin yekunlaşdırılmasına qədər seçicilərə hər hansı əmlakın pulsuz və ya güzəştli şərtlərlə verilməsi, yaxud bunun vəd edilməsi cinayət məsuliyyətinə səbəb olur.
Eyni zamanda seçicilərə xidmətlərin göstərilməsi və ya bunun vəd edilməsi, eləcə də xeyriyyəçilik fəaliyyəti ilə paralel seçkiqabağı təşviqat aparılması qadağandır.
Bu tələblər namizədlərə, partiya və ya partiyalar blokunun üzvlərinə, səlahiyyətli və etibarlı şəxslərə şamil edilir. Qanunda bu cür addımların şəxsən, siyasi qüvvənin adından və ya xeyriyyəçilik adı altında həyata keçirilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaratdığı bildirilir.
Musavat.com
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ