Onlayn ictimai-siyasi qəzet
“Ermənistan tərəfi, ənənəvi olaraq, yalnız gündəlik informasiyaların deyil, hətta beynəlxalq sənədlərdə, o cümlədən dövlətlərarası razılaşmalarda yer alan müddəalarla manipulyasiya etməyə davam edir”.
Bunu Musavat.com-a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Donald Trampın şahidliyi ilə Vaşinqtonda imzalanmış bəyannamə barədə əsassız iddialar irəli sürməklə Ermənistan təmsilçiləri diqqəti reallıqdan yayındırmağa çalışırlar:
“Halbuki istinad edilməsi zəruri olan yeganə hüquqi sənəd Vaşinqtonda paraflanmış sülh müqaviləsidir. Sazişin preamblua hissəsində iki ölkə arasında formalaşacaq münasibətlərdə BMT Nizamnaməsinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktının və Almatı Bəyannaməsinin rəhbər tutulduğu bildirilir.
Sazişin III maddəsində isə tamamilə aydın şəkildə bildirilir ki, tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.
Ermənistan Konstitusiyasında sözügedən ölkənin müstəqillik bəyannaməsinə istinadən Azərbaycana qarşı yer alan ərazi iddiaları isə açıq və birmənalı şəkildə güc tətbiqini nəzərdə tutur”.
Elçin Mirzəbəyli digər məqamlara xüsusilə diqqət çəkib:
“Ermənistanın müstəqillik bəyannaməsində Ermənistan Ali Sovetinin və “Dağlıq Qarabağ”ın “milli şurası” adlanan qondarma təsisatın Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi ilə bağlı 1 dekabr 1989-cu il tarixli “qərarı”na istinad olunur və Ermənistan Konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsində yer alan ərazi ilhaqı ilə bağlı təhdid erməni dövlətinin qarşısında “milli vəzifə” kimi qoyulur.
Göründüyü kimi, Ermənistan Konstitusiyasında yer alan bu iddialar həm BMT Nizamnaməsinə, həm Helsinki Yekun Aktına, həm Almatı Bəyannaməsinə, həm də bütün bu sənədlərə istinadların yer aldığı paraflanmış sülh müqaviləsinin mətninə ziddir”.
Deputat bildirib ki, Ermənistanın Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Konstitusiyasına böhtan atması arqumentsizlikdən irəli gəlir:
“Nə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında, nə də konstitusiyada heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları və bu iddialarla bağlı güc tətbiqi barədə tezislər yer alıb. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu barədə konstitusiya aktında yer alan məqamlar isə özündə hər hansı ərazi iddiasını ehtiva etmir. Burada söhbət siyasi varislikdən gedir.
Bəlli olduğu kimi, Cümhuriyyət dövründə nə BMT mövcud idi, nə onun Nizamnaməsi, nə də müasir beynəlxalq sənədlər. BMT Nizamnaməsi 24 oktyabr 1945-ci ildə qüvvəyə minib. Hüquqi sənədlərin geriyə qüvvəsi olmadığı üçün Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Ermənistan tərəfinin iddiaları boşboğazlıqdan başqa bir şey deyil.
Ermənistanın dövlət müstəqilliyi haqqında bəyannamə və Ermənistan konstitusiyası isə BMT Nizamnaməsinin və onun prinsiplərinin qüvvədə olduğu zaman kəsiyində qəbul edildiyi üçün rəsmi İrəvan, Ermənistan konstitusiyasında, təkcə Azərbaycana və Türkiyəyə görə deyil, ölkənin ana qanunu BMT Nizamnaməsinə zidd olduğu üçün bu sənəddə dəyişiklik etməlidir”.
Elçin Mirzəbəylinin sözlərinə əsasən, Ermənistanın davranışlarında ənənəvi əyalət hiyləgərliyi də nəzərə çarpır:
“Məsələn, onlar Ağrı dağının surətinin yer aldığı möhür və sənədlərdə dəyişiklik edirlər, bununla da öz düşüncələrinə görə konstitusiya ilə bağlı məsələdə Türkiyəni neytrallaşdırmağa, Azərbaycanla bağlı olan proseslərdən ayrı salmağa çalışırlar. Hazırda Ermənistanın siyasi rəhbərliyinin konstitusiya dəyişikliklərinə Azərbaycanın tələbinə görə deyil, “real Ermənistan”la bağlı hədəflərini reallaşdırmaq istədikləri üçün getdiklərini önə çəkmələri də daxili siyasətə hesablanmış ritorikadır. Bu ritorikanın 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra dəyişəcəyi ehtimalı var”.
E.Paşasoy,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ