Onlayn ictimai-siyasi qəzet
ABŞ Federal Ehtiyat Sistemi(FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün keçirilən iclasında əsas faiz dərəcəsini illik 3,5-3,75 faiz səviyyəsində dəyişməz saxlanması barədə qərar qəbul edilib.
Musavat.com xəbər verir ki, qərar əksər analitiklərin və iqtisadçıların gözləntilərinə uyğun olub. FED-in yaydığı açıqlamaya görə, iclasda iştirak edən on iki nəfərdən ikisi - Stefen Miran və Kristofer Uoller faizlərin 25 baza bəndi endirilməsini təklif ediblər.
FOMC-nin bəyanatında bildirilir ki, mövcud göstəricilər iqtisadi fəaliyyətin güclü templə artmağa davam etdiyini göstərir: “İş yerlərinin artımı zəif olaraq qalır və işsizlik səviyyəsi sabitləşmə əlamətləri göstərir. İnflyasiya bir qədər yüksək olaraq qalır."
FOMC uzunmüddətli perspektivdə maksimum məşğulluq və inflyasiyanı 2 faiz səviyyəsində saxlamağı hədəfləyir. İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır. Bildirilir ki, hədəf diapazonuna əlavə düzəlişlərin vaxtını və miqyasını nəzərdən keçirərkən, FOMC daxil olan məlumatları, inkişaf edən proqnozları və risklər balansını diqqətlə qiymətləndirəcək: "Biz məşğulluğu maksimum dərəcədə artırmaq və inflyasiyanı 2 faizlik hədəfimizə qaytarmaq niyyətinə sadiqik".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp FED rəhbəri Cerom Pauelli faizləri qəsdən endirməməkdə suçlayır. O, dəfələrlə Pauelli tənqid, hətta təhqir edərək, faizləri endirməməklə ABŞ-ın respublikaçı hakimiyyətinə problem yaratmaq istəməkdə ittiham edib. Son olaraq ABŞ Ədliyyə Nazirliyi FED binasının təmiri ilə bağlı Cerom Pauellə qarşı araşdırmaya başladığını elan edib. Pauell isə bu addımın ona və FED-ə siyasi təzyiq kimi qiymətləndirib.
Pauellin FED rəhbəri kimi səlahiyyət müddəti bu ilin mayında bitir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ