Onlayn ictimai-siyasi qəzet
İstanbul Respublika Baş Prokurorluğunun Cafer Mahiroğlu barəsində yürütdüyü rüşvət, tenderdə fırıldaqçılıq və çirkli pulların yuyulması istintaqı çərçivəsində səhər saatlarında "Halk TV" telekanalında əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub.
"Halk TV" və Mahiroğlu ilə əlaqəli şirkətlərə Əmanətlərin Sığortalanması Fondu (TMSF) qəyyum təyin edilib.
Əməliyyat Yeni partiya sədri Özgür Özel və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın kəskin reaksiyasına səbəb olub.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) tərəfindən təqdim edilən məlumatlar, məxfi şahid ifadələri və iş üzrə digər sənədlər dəyərləndirilib. Araşdırmalar zamanı Cəfer Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsindəki əlaqələrindən istifadə edərək "BUSTECH" şirkətini qurduğu, rəhbərliyini öz adamlarına həvalə etdiyi və bələdiyyə tenderləri vasitəsilə qanunsuz mənfəət əldə etdiyi müəyyən olunub.
Tender prosesləri ilə bağlı 14 milyon 464 min lirə məbləğində qeydiyyatsız rüşvət ödənildiyi, tender qiymətlərindən qat-qat baha ödənişlərin edildiyi və əldə olunan gəlirlərin şübhəlinin nəzarətindəki şirkətlərə ötürüldüyü təsbit edilib.

MASAK-ın məlumatına görə, Mahiroğlunun şərik və ya rəhbər olduğu şirkətlərin ümumi əməliyyat həcmi 30 milyard 352 milyon lirə təşkil edib. Şəxsi bank hesablarına 1 milyard 62 milyon lirə daxil olduğu, 1 milyard 118 milyon lirə xaric edildiyi müəyyənləşdirilib. Şirkətlər vasitəsilə xaricə yüksək məbləğdə valyuta və beynəlxalq SWIFT köçürmələrinin edildiyi, bəyan edilən gəlirlər ilə əmlak artımı arasında uyğunsuzluqların olduğu vurğulanıb.
Mahiroğlunun İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində də axtarışda olduğu və xaricə qaçdığı bəlli olub. Əməliyyat zamanı 11 şübhəli saxlanılıb, 4 nəfərin xaricdə, 1 nəfərin həbsxanada olduğu, 2 nəfərin isə axtarışının davam etdiyi bildirilib.
Hadisəyə münasibət bildirən "Halk TV" İdarə Heyətinin sədri Cafer Mahiroğlu sosial mediada bu sözləri yazıb:
"Kılıçdaroğlu və komandası şad ola bilər. Polis "Halk TV"dədir".
Kanalın aparıcısı Dəniz Bayramoğlu isə saat 05:15-də Maliyyə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Terrorla Mübarizə şöbələrinin polis əməkdaşlarının kanala daxil olaraq axtarış apardığını və qəyyum heyətinin idarəçiliyi təhvil aldığını açıqlayıb.

Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ