Onlayn ictimai-siyasi qəzet
FIFA prezidenti Canni İnfantino keçmişdə UEFA-da işlədiyi dövrdə qadın əməkdaşla gizli münasibətdə olması barədə yayılan məlumatlardan sonra qalmaqalın mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, “The Telegraph”ın yaydığı məlumata görə, UEFA 16 il bu qurumda çalışmış keçmiş əməkdaşı Canni İnfantino ilə bağlı araşdırmaya başlamaq imkanını nəzərdən keçirir.
Məlumata görə, söhbət İnfantinonun UEFA-da işlədiyi dövrdə qurumun qadın əməkdaşlarından biri ilə nikahdankənar münasibətindən gedir. Onların münasibətlərinin nə qədər davam etdiyi açıqlanmır.
“The Telegraph” bildirir ki, İnfantino həmin qadının karyerasında faktiki olaraq himayədar rolunu oynayıb. Qadın vəzifədə yüksəlib və onun illik maaşı təxminən 150 min avroya çatıb.
Lakin münasibəti uzun müddət gizli saxlamaq mümkün olmayıb. Həmin vaxt UEFA prezidenti olan Mişel Platini məsələdən xəbər tutub və İnfantinoya ultimatum verib:
“İkinizdən biri getməlidir – ya sən, ya da o”.
Nəticədə qadın UEFA-dakı vəzifəsini tərk edib. Bildirilir ki, işdən ayrılarkən ona altırəqəmli məbləğdə kompensasiya ödənilib.
FIFA isə prezidentinin şəxsi həyatı ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib. Qurum bunu Canni İnfantinonun və FIFA-nın nüfuzuna zərbə vurmaq məqsədi daşıyan planlaşdırılmış hücum adlandırıb.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ