İnsanlara hürriyət, millətlərə istiqlal!

“Forbes” rusiyalı məşhurların piar alətinə çevrildi

“Forbes” adı altında fəaliyyət göstərən saxta saytların Rusiya ilə əlaqəli şəxslərin və layihələrin təbliği üçün istifadə edildiyi üzə çıxıb.

Musavat.com xəbər verir ki, “Agentstvo” nəşri saxta “Forbes Liechtenstein” və “Forbes LA” saytlarında rusiyalı ideoloq Aleksandr Duqin haqqında çəkilmiş filmin rejissoru Nikolas Runi və Vladimir Jirinovskinin keçmiş gəlini Nadejda Qrişayevanın təbliğ olunduğunu müəyyən edib.

Britaniyanın media sahəsində ixtisaslaşmış “Press Gazette” nəşri ötən həftə “Forbes Liechtenstein” və “Forbes LA” ilə bağlı araşdırma dərc edib. “Forbes” jurnalı həmin saytların onun regional nəşrləri olmadığını və saxta olduğunu təsdiqləyib. Şirkət bu resurslara qarşı tədbirlər gördüyünü bildirib.

Araşdırmaya görə, saytlarla “Baden Bower” PR agentliyinin əlaqəsi ola bilər. Agentlik öz saytında “Forbes”də “zəmanətli” məqalə yerləşdirilməsi xidməti təklif edib və “Forbes Liechtenstein”i mümkün platformalardan biri kimi göstərib. Üstəlik, belə materialların “paid” və ya “sponsored” qeydi olmadan dərc ediləcəyi və hətta ABŞ-nin O-1A və EB-1A vizalarına müraciət zamanı tanınmışlığın sübutu kimi istifadə oluna biləcəyi vəd edilib.

“Press Gazette” jurnalistinə “Forbes LA”da zəmanətli məqalənin təxminən 10 min dollara yerləşdirilməsi təklif olunub.

“Forbes Liechtenstein” 16 aprel 2025-ci ildə britaniyalı rejissor Nikolas Runinin Aleksandr Duqin haqqında çəkdiyi “The Wolf in the Moonlight” filmi barədə məqalə dərc edib. Materialda film “intellektual baxımdan stimullaşdırıcı” və “vizual baxımdan valehedici” kimi təqdim olunub.

Runinin “Theatre of Life Productions” şirkətinin saytında isə həmin material sadəcə “Forbes” nəşrində çıxmış məqalə kimi göstərilib.

Runinin Duqin haqqında filmi 2022-ci ilin noyabrında Volqoqradda keçirilən rusiyayönlü “Pobedili vmeste” kinofestivalının xüsusi tədbiri kimi təqdim olunub. Rejissor daha əvvəl Donbas da daxil olmaqla Ukrayna ərazisinə səfər edib və 2018-ci ildə Sevastopolda keçirilən eyni festivalda şəxsən iştirak edib. 2025-ci ilin sentyabrında isə Moskvada keçirilmiş Ümumdünya İctimai Assambleyasına qatılıb.

Digər saxta resurs – “Forbes LA” 25 aprel 2025-ci ildə Rusiya millisinin keçmiş basketbolçusu və Jirinovskinin oğlu İqor Lebedevin eks-həyat yoldaşı Nadejda Qrişayeva haqqında material yayımlayıb. Məqalədə o, lüks fitnes sektorunda uğurlu sahibkar kimi təqdim edilib, lakin nə Jirinovskinin, nə də Lebedevin adı çəkilib. Qrişayeva daha sonra həmin məqaləni sosial şəbəkədə paylaşaraq ona kömək edənlərə təşəkkür edib.

“Proekt”in 2019-cu ildəki araşdırmasında Qrişayevanın və Jirinovskinin həyat yoldaşı Qalina Lebedevanın adına İspaniyada bahalı daşınmaz əmlak və hotellərin rəsmiləşdirildiyi bildirilirdi.

Nəşrin məlumatına görə, Qrişayeva 2022-ci ildən Jirinovski ailəsi haqqında araşdırmalardan öz adının çıxarılmasına çalışıb. Daha sonra onun PR nümayəndələrinin müəllif hüquqlarının pozulması ilə bağlı şikayətlər vasitəsilə “Proekt”in araşdırmasının “Google” axtarış nəticələrindən çıxarılmasına nail olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR