Onlayn ictimai-siyasi qəzet
Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü Konfransında azərbaycanlıların Ermənistandan deportasiyası, doğma yurdlarına qayıdış hüququ və Ermənistan–Azərbaycan münaqişəsinin humanitar nəticələri diqqətə çatdırılıb.
Musavat.com xəbər verir ki, "İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Nəzrin Əliyeva konfransdakı çıxışında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, etnik və dini ayrı-seçkiliyə qarşı mübarizə, dini və mədəni irsin qorunması məsələlərini qaldırıb.
O bildirib ki, tolerantlığın və bərabərliyin təmin olunması ksenofobiya, dini nifrət və islamofobiyanın bütün formalarına qarşı ardıcıl mövqe tələb edir.
Nəzrin Əliyeva XX əsrin sonunda 250 mindən çox azərbaycanlının indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından deportasiya edilərək qaçqın vəziyyətinə düşdüyünü qeyd edib. Onun sözlərinə görə, əsrlər boyu həmin torpaqlarda yaşamış azərbaycanlılar doğma yurdlarını tərk etməyə məcbur olublar.
Çıxışda Ermənistandan didərgin salınmış azərbaycanlıların öz evlərinə və tarixi yaşayış yerlərinə təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıtmaq hüququnun fundamental insan hüququ kimi tanınmasının vacibliyi vurğulanıb.
Nəzrin Əliyeva Ermənistan–Azərbaycan münaqişəsinin nəticəsində ümumilikdə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladıb. Bildirilib ki, bu insanlar uzun illər evlərinə və torpaqlarına qayıtmaq imkanından məhrum olublar.
O, həmçinin Azərbaycanın təxminən üç onillik ərzində işğal altında qalmış ərazilərində şəhər və kəndlərin, yaşayış evlərinin, sosial infrastrukturun, dini və mədəni irs obyektlərinin geniş dağıntılara məruz qaldığını deyib. Məscidlərin, qəbiristanlıqların və digər irs nümunələrinin dağıdılması və təhqir edilməsi hallarına beynəlxalq ictimaiyyətin diqqətinin vacibliyini bildirib.

Nəzrin Əliyevanın sözlərinə görə, məcburi köçkünlük insanı təkcə yaşayış yerindən məhrum etmir; onun evinə, torpağına, mülkiyyətinə, tarixi-mədəni irsinə və doğma yurduna bağlı hüquqlarına uzunmüddətli təsir göstərir.
Çıxış zamanı regionda etnik düşmənçilik ritorikasına da toxunulub. Əliyeva Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın 2003-cü ildə azərbaycanlılarla ermənilərin etnik baxımdan bir-birinə uyğun olmadığı barədə səsləndirdiyi fikirləri xatırladıb və bu bəyanatın Avropa Şurası səviyyəsində tənqid edildiyini bildirib. O, Serj Sarkisyanın hakimiyyəti dövründə də azərbaycanlılara qarşı düşmənçilik ritorikasının davam etdiyini qeyd edib.
“Ermənistandan didərgin salınmış azərbaycanlıların doğma evlərinə təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıtmaq fundamental hüququ beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq tanınmalı və dəstəklənməlidir”, – deyə Nəzrin Əliyeva vurğulayıb.
O, ATƏT-i azərbaycanlılara qarşı etnik və dini dözümsüzlük, dini obyektlərin təhqir edilməsi və mədəni irsin məhv olunması hallarına prinsipial münasibət bildirməyə çağırıb.
Nəzrin Əliyeva konfrans çərçivəsində keçirilən “Ermənistan–Azərbaycan sülh prosesi: Cənubi Qafqazda davamlı sülh üçün nə tələb olunur?” adlı yan tədbirdə də iştirak edib. O, vətəndaş cəmiyyətləri arasında dialoqun hökumətlər səviyyəsində aparılan sülh prosesini dəstəkləməli, tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət etməli olduğunu bildirib.
Əliyeva davamlı sülhün ədalətin təmin olunmasını və zərərçəkmiş şəxslərin hüquqlarına hörmət edilməsini tələb etdiyini vurğulayıb. Ağır cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslərin fərdi məsuliyyəti nəzərə alınmadan azad edilməsinə dair çağırışların ədalət və barışıq prinsiplərinə xələl gətirə biləcəyini qeyd edib.
O, 4 mindən çox azərbaycanlının taleyinin hələ də naməlum qalmasını, eləcə də mina hadisələri nəticəsində azərbaycanlıların həlak olması və xəsarət almasını davam edən ciddi humanitar məsələlər kimi diqqətə çatdırıb.
Nəzrin Əliyevanın fikrincə, sülh müzakirələrində Azərbaycan cəmiyyətinin narahatlıqları və humanitar problemləri də nəzərə alınmalıdır. Bu məsələlərin kənarda saxlanılması dialoqun birtərəfli görünməsinə və qarşıdurma narrativlərinin davam etməsinə səbəb ola bilər. O, mənalı dialoqun razılaşdırılmış sülh gündəliyini dəstəkləməli və regionda əməkdaşlığa yol açmalı olduğunu bildirib.
Musavat.com Nəzrin Əliyevanın ATƏT-in Varşava İnsan Ölçüsü Konfransındakı çıxışının video görüntülərini təqdim edir.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ