Onlayn ictimai-siyasi qəzet
İngiltərəli məşhur yazıçı Frederik Forsaytın "Müharibə köpəkləri" adlı bir romanı var. Roman 52 il öncə yazılıb, ancaq onda təsvir olunan hadisə və proseslər sanki günümüzdə baş verir.
Əsərdə söhbət nadir torpaq elementləri uğrunda mübarizədən, Zanqaro adlanan dövlətdə hakimiyyətin devrilməsindən, bu işə muzdluların cəlb edilməsindən gedir.
F.Forsayt zamanında qaynar nöqtələrdə hərbi reportyor işləyib deyə, onun siyasi detektiv janrında yazdığı bu romanının real hadisələrə əsaslandığıı bildirilir. dır. Konkret olaraq bənzər hadisələrin İspaniyanın keçmiş koloniyası olan Ekvatorial Qvineyada baş verdiyi qeyd olunur.
Əsərin süjeti belədir ki, böyük mədən şirkəti olan “Man-Con”un kəşfiyyat qrupu kiçik Afrika respublikası və keçmiş Fransa müstəmləkəsi olan Zanqaroda əhəmiyyətli bir platin yatağı kəşf edir. Yerli hökumət SSRİ ilə anlaşma içində olduğuna və öz resurslarını Moskvaya peşkəş etdiyinə görə onu devirmək lazım gəlir.
Hadisələrin mabədini bilmək istəyənlər romanı oxusunlar, bu yazıda isə söhbət böyük dövlətlərin və nəhəng şirkətlərin üçüncü dünya ölkələrinə, keçmiş müstəmləkələrə baxışından gedəcək.
Gerçəkdən də keçmiş imperiyaların son 30-60 ildə müstəqillik əldə etmiş ölkələrə münasibətləri aşağı-yuxarı bu cürdür: istədiklərimizi verməlidirlər, verməsələr, ölkədə qeyri-sabitlik olmalı, hakimiyyətdə olanlar devrilməli, yerinə daha sözəbaxan bir komanda gəlməlidir.
Düstur bundan ibarətdir. Bu səbəbdəndir ki, ötən əsrin ikinci yarısında müstəqillik qazanmış müstəmləkə ölkələrində saysız-hesabsız çevrilişlər baş verib və verməkdədir.
Özümüzdən götürək. 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdik, 1992-ci ildə hakimiyyəti dəyişikliyi oldu (səbəbləri tamam başqa olsa da), 1993-cü ildə hərbi qiyam və dövlət çevrilişi baş verdi, 1994-cü ilin oktyabrında dövlət çevrilişinə yenidən cəhd olundu, 1995-ci ilin martında isə yeni hərbi qiyam cəhdinin qarşısı alındı. Bir sözlə, 4 ildə 4 dəfə hakimiyyət dəyişikliyinə cəhd oldu – ikisi baş tutdu, ikisi tutmadı.
Sonuncu cəhdlərdə xarici dövlətlərin rolu birbaşa və danılmaz şəkildəydi. Qiyamın səbəbi Forsaytın bəhs etdiyi məsələydi – ölkənin əsas maddi resursuna sahiblənmək üçün sözəbaxan hakimiyyət formalaşdırılmalıydı. Qiyam cəhdinin “Əsrin müqaviləsi”nin imzalanmasından 10 gün sonra baş verməsi təsadüf deyildi. Kreml Azərbaycan neftinin əldən çıxdığını, beynəlxalq konsorsiumun Bakıya gəldiyini görərək, tez-tələsik öz “5-ci kolon”unu hərəkətə keçirmişdi. 1995-ci ilin martında baş verən qiyam cəhdinin arxasında duranlar da bllidir. Türkiyə prezidenti Süleyman Dəmirəl olmasaydı, o hadisənin axırı başqa cür alınardı.
Bu baxımdan bir sıra qüdrətli xarici dairələrin Azərbaycanda özlərinə dayaq bərqərar etmək istəmələri, media qurumları təsis etmələri, bəzi müxalifət partiyalarının liderlərini ələ almaları, 3-cü sektor (qeyri-hökumət təşkilatları) formalaşdırmaları boşuna məsrəf deyil. Məqsəd lazımi anda onları hərəkətləndirərək, sözə baxmayan hökumətə ya təzyiq göstərmək, ya da onu başqası ilə əvəz etməkdir.
İndi məsələni siah gücünə həll etmək, 50 il əvvəl olduğu kimi “müharibə köpəkləri” adlanan muzdlu döyüşçülərin xidmətindən yararlanmaq dəb deyil. O çox təhlükəli avantüradır, uğursuzluq halında kütləvi edamlar, qətliamlar qaçılmaz olur. Ancaq “məxməri inqilab”ın baş tutmadığı halda, uzağı həbs olunanlar olur, onları da total təzyiqlə bir neçə ilə azadlığa buraxdırmaq mümkündür.
5-6 il öncəyə qədər bəzi postsovet ölkələrində xarici dövlətlərdəki fondlardan qidalananlara qarşı dözümlü münasibət vardı. Həmin fondları və institutları əvvəldən yaxın buraxmayan Özbəkistan, Türkmənistan, Qazaxıstan kimi ölkələrdən fərqli olaraq, Qafqaz respublikaları onlara həvəslə qucaq açmışdılar. Bunun sayəsində ABŞ və Avropa ölkələrindən Cənubi Qafqaza, o cümlədən ölkəmizə dollar və avro axırdı.
Ancaq sonra bunun özü üçün təhlükəli ölçüyə gəldiyini görən hakimiyyət vintləri bərkitməyə qərar verdi, əvvəlcə donor fondları, təlimatçı institutları ölkədən çıxardı, sonra onların maliyyələşdirdiyi media orqanlarının fəaliyyətini məhdudlaşdırdı, daha sonra isə qanunvericilik bazası yaradaraq, bu işdə fəallıq göstərənləri qanundankənar vəziyyətə saldı, lap axırda isə aktivləri (jurnalistləri, pul daşıyan kuryerləri) həbs etməyə başladı.
Beləcə, həmin dairələrə işləyən, maaş alan, demokratiya və insan haqlarının təntənəsi yolunda yaxşı iş gördüyünə inanan həmkarlar həbsə düşdülər.
Hazırda onlara ağır cəzalar kəsiblər. Əslində isə onlar qurbanlardır. Onları əməkdaşlığa cəlb edənlər öz evlərində yaşayır, öz keflərindədir, arada güdaza verdikləri şəxslərin müdafiəsinə qalxırlar.
Nadir torpaq elementlərinin, maddi resursların, təbii sərvətlərin, bax, belə minusları var. Nəhəng güclər onları əldə edəcəkləri yerə qarışqa yuvası kimi baxır, işlətdikləri adamları qarışqadan fərqləndirmirlər.
P.S. Qeyd edək ki, Azərbaycanla yanaşı, Gürcüstan da xarici fondlardan bəslənənlərin “süd krantı”nı kəsib, Ermənistan isə artıq Avropanı aqreqatla sağır.
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ