Onlayn ictimai-siyasi qəzet
Gürcüstan hökuməti 2026-cı ildən dövlət ali məktəblərində təhsil alan bütün tələbələrin təhsil xərclərini dövlətin qarşılayacağını açıqlayıb. Təhsil naziri Givi Mikanadzenin sözlərinə görə, dövlət universitetlərində təhsil ödənişsiz olacaq, özəl universitetlərə qəbul olunan yeni tələbələr isə artıq dövlət qrantından yararlana bilməyəcəklər. Həmçinin əcnəbi tələbələrin dövlət universitetlərinə qəbulu yalnız xüsusi proqramlar, mübadilə layihələri və ikitərəfli razılaşmalar çərçivəsində mümkün olacaq. Azərbaycanın dövlət universitetlərində təhsil alan bütün tələbələr üçün mərhələli şəkildə tam dövlət maliyyələşdirməsi modelinin tətbiqi mümkündürmü?

Zahid Məmmədov
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “2026-cı il tədris ilindən etibarən Gürcüstan vətəndaşları üçün dövlət universitetlərində təhsil tamamilə ödənişsiz olacaq. Təhsil xərcləri tam həcmdə dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. İndiyədək ölkənin ali təhsil sistemi əsasən ödənişli model üzərində qurulmuşdu. Maliyyələşmə dövlətin birgə maliyyələşdirmə mexanizminə əsaslanırdı və büdcə vəsaitlərinin bölgüsü Vahid Milli İmtahanların nəticələrindən asılı idi. Abituriyentlər təhsil haqqının 50, 70 və ya 100 faizini ödəyən dövlət qrantları uğrunda rəqabət aparırdılar. Lakin yüksək bal toplaya bilməyən tələbələrin əhəmiyyətli hissəsi təhsil xərclərini öz hesabına ödəməli olurdu. Dövlət tərəfindən tam maliyyələşdirilən prioritet ixtisaslar mövcud olsa da və bu mexanizm əmək bazarında çatışmayan peşələrin hazırlanmasına xidmət etsə də, ali təhsil əksər Gürcüstan vətəndaşları üçün ciddi maliyyə yükü olaraq qalırdı. Məsələn, 2025-ci ildə ali məktəblərə qəbul olunan 31 700 birinci kurs tələbəsindən yalnız 6 500 nəfərə tam və ya qismən dövlət maliyyə dəstəyi ayrılmışdı. Onlardan cəmi 1 000 nəfər təhsil haqqının 100 faizini əhatə edən dövlət qrantı əldə etmişdi. Yeni modelə əsasən, dövlət büdcəsindən ayrılan vəsait yalnız dövlət universitetlərinə yönəldiləcək. Özəl universitetlərə qəbul olunan tələbələr isə artıq dövlət qrantı almaq üçün müraciət edə bilməyəcəklər.
İslahat müəlliflərinin izahına görə, bu dəyişikliklərin əsas məqsədi əmək bazarının tələbatı ilə ali təhsil sistemində kadr hazırlığı arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaqdır. Dövlət universitetləri tam dövlət dəstəyi alacaq, çünki onlar iqtisadiyyatın ehtiyac duyduğu mütəxəssislərin hazırlanması üzrə dövlət sifarişini yerinə yetirəcəklər. Bu sifariş əmək bazarının mütəmadi araşdırmaları əsasında formalaşdırılacaq və ölkə iqtisadiyyatının real tələbatlarına uyğun müəyyən ediləcək.
Ümumiyyətlə, 2026-cı ildən etibarən Gürcüstanın dövlət universitetlərinə xarici ölkə vətəndaşlarının qəbulu dayandırılacaq. Bu qaydadan yalnız məhdud istisnalar olacaq. Məsələn, əcnəbilər yalnız xarici universitetlərlə mübadilə proqramları və digər xüsusi akademik layihələr çərçivəsində təhsil ala biləcəklər. Gürcüstanda ali təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün özəl ali təhsil müəssisələri əvvəlki kimi açıq qalacaq. Hazırda ölkədə 45 özəl və 19 dövlət universiteti fəaliyyət göstərir. Özəl universitetlərdə təhsil haqqı ixtisasdan asılı olaraq dəyişir və əcnəbi tələbələr üçün bir qayda olaraq, Gürcüstan vətəndaşlarına nisbətən daha yüksək olur.
2024/2025-ci tədris ilində Gürcüstan universitetlərində 37 125 xarici tələbə təhsil alıb. Onlardan 7 268 nəfəri dövlət universitetlərində, 29 857 nəfəri isə özəl ali təhsil müəssisələrində oxuyub. Xarici tələbələrin 55 faizi Hindistan vətəndaşlarıdır. Say baxımından ikinci yerdə İordaniya (7%), üçüncü yerdə isə İsrail (6%) vətəndaşları qərarlaşıb. Xarici tələbələrin ən çox üstünlük verdiyi ixtisaslar tibb və informasiya texnologiyaları olub".
Professor qeyd edib ki, Azərbaycan üçün belə bir model prinsip etibarilə mümkündür, lakin onun bir anda deyil, mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğun görünür: “Birincisi, Azərbaycan son illərdə ali təhsilin maliyyələşdirilməsində dövlət sifarişli yerlərin sayını ardıcıl artırır. Lakin növbəti mərhələdə strateji ixtisaslardan başlayaraq bütün dövlət universitetlərində təhsil haqqının tam dövlət tərəfindən ödənilməsi istiqamətində keçid mümkündür.
İkincisi, belə bir model sosial ədaləti gücləndirər. Xüsusilə regionlardan olan tələbələrin ali təhsilə marağı yüksələr, insan kapitalına qoyulan investisiyalar artardı. Bununla yanaşı, bu modelin uğuru üçün bir sıra şərtlər vacibdir:
- maliyyələşmə yalnız tələbə sayına deyil, keyfiyyət göstəricilərinə, məzun məşğulluğuna və elmi nəticələrə bağlanmalıdır;
- dövlət universitetlərinin idarəetmə səmərəliliyi artırılmalıdır;
- əmək bazarının tələbatına uyğun dövlət sifarişi sistemi formalaşdırılmalıdır;
- özəl universitetlərin rəqabət qabiliyyətini qorumaq üçün alternativ dəstək mexanizmləri hazırlanmalıdır".
Zahid Məmmədova görə, Azərbaycanın iqtisadi imkanları nəzərə alınarsa, bu islahatın birdəfəlik tətbiqi dövlət büdcəsinə əlavə yük yarada bilər: “ Buna görə də daha rasional yanaşma əsasən iki mərhələ ilə ola bilər. Birincisi, prioritet və strateji ixtisaslarda tam dövlət maliyyələşdirilməsi; İkincisi isə sonrakı mərhələdə magistratura və doktorantura üzrə nəticəyönümlü maliyyələşmə modelinin tətbiqi.
Bu model həm də universitetlər arasında sağlam rəqabəti qorumaq üçün performans əsaslı maliyyələşmə sistemi ilə müşayiət edilməlidir.
Ayrıca olaraq, dövlət maliyyələşdirilməsinin əsas məqsədi yalnız yüksək balı deyil, həm də sosial bərabərliyi və ali təhsilə çıxış imkanlarını təmin etməkdir. Buna görə də dövlət sifarişi ixtisasın prioritetliyi, əmək bazarının tələbatı və sosial siyasət kimi meyarlar əsasında formalaşdırılmalıdır.
Mən hesab edirəm ki, dövlət vəsaiti ilk növbədə dövlət dilində ali təhsilin inkişafına yönəldilməlidir. Azərbaycan dili konstitusiyaya əsasən dövlət dilidir və onun elm, təhsil və texnologiya dili kimi inkişafı strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan bölməsində təhsil alan tələbələr dövlət tərəfindən daha geniş dəstəklənməlidir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ