Onlayn ictimai-siyasi qəzet
Hindistan hərbi dəniz qüvvələri Bab əl-Məndəb boğazından keçən neft gəmilərini müşayiət etmək üçün gəmilər yerləşdirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, adı çəkilən bölgədə piratçılıq və hücumlarla bağlı artan narahatlıqlar fonunda baş verib.
"9 və 10 avqust 2026-cı il tarixlərində “Trishul” və “Aditya” gəmiləri “MT Compass” və “MT Thalatta” neft tankerlərinin yüksək riskli Bab əl-Məndəb boğazından təhlükəsiz keçidini təmin edib", - Hindistan hərbi dəniz qüvvələrinin qərb komandanlığı bu barədə sosial media səhifəsində elan edib və bildirib ki, hərbi dəniz qüvvələri həyati əhəmiyyətli enerji yüklərinin təhlükəsiz daşınmasını təmin etməyə və Hindistanın dəniz maraqlarını qorumağa davam edir.
Hindistan hərbi dəniz qüvvələri həmçinin tankerlərlə yanaşı üzən döyüş gəmilərini, dəniz aviasiyası helikopterinin onları havadan müşahidə etdiyini göstərən fotoşəkillər dərc edib.
Qeyd edək ki, Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb ucu ilə Afrika materikinin şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşən qitələrarası boğazdır. Bu boğaz Qırmızı dənizi və Ərəbistan dənizinin Ədən körfəzini birləşdirir. Uzun illərdir ki, Somali piratlar və Yəmən üsyançıları boğazda neft tankerlərinə təhlükə yaradırlar.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ