Onlayn ictimai-siyasi qəzet
Bakı Apelyasiya Məhkəməsində “Servis +” Mənzil Tikinti Kooperativi ilə bağlı məhkəmə araşdırmaları davam edir. İş çərçivəsində tərəflərdən biri müvəqqəti təminat tədbiri ilə bağlı vəsatət qaldırıb və vəsatət təmin olunaraq şirkətin satış əməliyyatlarının dayandırılması barədə müvəqqəti qərar verilib.
Musavat.com-un məlumatına görə, MTK-nın hüquqşünası Əliabbas Rüstəmov bildirib ki, məhkəmə prosesi davam etdiyi bir vaxtda Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Rəcəbov şirkətə gələrək sosial şəbəkədə yayılan videoya əsaslanaraq iddia irəli sürüb. Hüquqşünasın sözlərinə görə, icra məmurunun belə bir addımı hüquqi baxımdan əsaslı deyil: “İcra məmurunun sosial şəbəkədə yayılan, hansısa boş-bekar, avaranın birinin yaydığı, heç bir hüquqi əsası olmayan videonu əsas gətirib bizə pretenziya bildirməsinin qanunsuz olduğunu bildiririk. İcra məmuru deyir ki, “yuxarıdan” mənə belə göstəriş veriblər, mən heç nə bilmirəm. Ona izah etdik ki, onun məhkəmə qərarından kənara çıxmaq səlahiyyəti yoxdur və atdığı hər bir addım qanunsuzdur”.

Servis+ Mənzil Tikinti Kooperativinin hüquqşünası əlavə edib ki, baş verənlər şirkət tərəfindən yalnız hüquqi mübahisə kimi deyil, həm də dövlət qurumunun səlahiyyətlərindən sui-istifadə etməklə formalaşdırılan açıq təzyiq cəhdi kimi qiymətləndirilir. Onun sözlərinə görə, sosial şəbəkədə yayılan təsdiqlənməmiş və hüquqi qüvvəsi olmayan materiallara istinad etməklə icra orqanının şirkətə təzyiq göstərməsi qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. “Bu cür yanaşma yalnız bir şirkətə qarşı deyil, ümumilikdə məhkəmə hakimiyyətinin nüfuzuna və hüququn aliliyinə zərbədir. Əgər dövlət icra məmuru məhkəmə qərarını deyil, TikTok-da yayılan anonim videoları əsas götürürsə, bu artıq hüquqi dövlət prinsiplərinin açıq şəkildə tapdalanması deməkdir”, – deyə hüquqşünas vurğulayıb.
Bildirilib ki, məsələ ilə bağlı Kamran Əliyev və Qaradağ rayon prokuroru Fərid Nağıyevə ünvanlanacaq müraciətdə icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməsi, vəzifə səlahiyyətlərini aşma və qanunsuz müdaxilə faktlarının araşdırılması tələb olunacaq. Şirkət nümayəndələri bildiriblər ki, baş verən hadisə ilə bağlı bütün faktlar toplanaraq prokurorluğa təqdim ediləcək və qanunsuz müdaxiləyə yol verən şəxslərin məsuliyyətə cəlb olunması üçün hüquqi mübarizə davam etdiriləcək.
E.Məmmədəliyev,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ