İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai İaşə və Qastronomiya Forumu: Sahibkarları narahat edən məsələlər açıqlandı - FOTOLAR

Avqustun 14-də Bakıda “İctimai İaşə və Qastronomiya” Forumu keçirilib.

Musavat.com bildirir ki, “İctimai İaşə və Qastronomiya” Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ictimai iaşə və qastronomiya sektorunda fəaliyyət göstərən yerli və xarici iş adamları, sahibkarlar, eləcə də sahənin tanınmış nümayəndələri iştirak ediblər.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca forum öz işinə başlayıb və ictimai iaşə və qastronomiya sektorunun inkişafı, mövcud problemləri, sahibkarların üzləşdiyi çətinliklər, dövlət-biznes əməkdaşlığı, qida təhlükəsizliyi və sektorun gələcək perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

Milli Məclisin deputatı Müşfiq Məmmədli çıxışında Azərbaycanda ictimai iaşə və qastronomiya sahəsinin inkişafı ilə yanaşı, milli xüsusiyyətlərin qorunmasının vacibliyinə diqqət çəkib.

Deputat bildirib ki, əsas məsələlərdən biri Azərbaycanın öz brendlərini və markalarını formalaşdırmasıdır:

“Fikrimcə, ən böyük məsələ öz brendimizi, öz markalarımızı formalaşdırmağımızdır. Təbii ki, dünyanın bir parçası olmaq önəmlidir, amma özünəməxsusluğu saxlamaq da, məncə, daha vacibdir. Çünki biz məhz özümüz olaraq başqalarından fərqlənə bilirik.

Bütün proseslərin içərisində əriyərək, bəzən avropalaşaraq, bəzən müxtəlif istiqamətlərə yönələrək, burada istər qədim və ənənəvi istiqamətlərə, istərsə də İslam dünyasının bir parçası olmağımıza müxtəlif referanslar edərək, əslində, bəzən özümüzəməxsusluğumuzu itirə bilərik.

Mən bunu deyərkən milli kimlikdən yox, daha çox bu sahədə olan məsələləri nəzərdə tuturam. Özünəməxsusluğu qoruyaraq daha böyük cəlbedicilik əldə edə bilərik. Çünki ölkəmizə təşrif buyuran, Azərbaycana gələn insanlar daha çox bizim onlara nə təklif edəcəyimizi düşünürlər və məhz bu, onlar üçün maraqlı olur.

Ona görə də, təbii ki, “Var millətimin imzası imzalar içində” fikrini rəhbər tutmaqla yanaşı, özümüzün baza hissələrimizi, kökümüzü, bünövrəmizi qorumağımız çox mühümdür.

İstər xarici nümayəndələrin gəlişi zamanı, istərsə də müxtəlif ölkələrə gedərkən həmin şəxslər və qurumlar bizim özünəməxsusluğumuzu gözləyirlər. Bu istiqamətdə assosiasiyanın yaranması, məncə, çox mühümdür.

Birlikdə bütün səyləri birləşdirərək, dünya təcrübəsindən istifadə etməklə yeniliklərə də açıq olmalıyıq".

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə ictimai iaşə və qastronomiya sektorunda fəaliyyət göstərən sahibkarların təşkilatlanmasının vacibliyindən danışıb.

O bildirib ki, sektor böyük potensiala malikdir və assosiasiya minlərlə sahibkarın bir araya gəlməsində mühüm rol oynaya bilər:

“Bu sektor böyük bir gücə malikdir və bizim 25 min sahibkarımızı, inşallah, birləşdirəcək vasitə olacaq.

Eyni zamanda hər bir Azərbaycan vətəndaşı bu sektorla, demək olar ki, hər gün təmasdadır. Hər gün onun xidmətlərindən istifadə edir. Bu da göstərir ki, ictimai iaşə iqtisadiyyatın kifayət qədər mühüm sahələrindən biridir.

Təşkilatlanmamış sektorun problemi fərdi şikayət kimi qalır. Hər kəsin problemi fərdi şəkildə qalır. Amma təşkilatlanmış sektorun problemi gündəliyə çıxır, masa üzərinə qoyulur və həllini tapır.

Bu, bizim təcrübəmizdə də özünü göstərib. Ona görə də bu gün assosiasiyada birləşmək sektorun səsini daha da gücləndirmək deməkdir.

Burada iştirak edən sahibkarlara həmin assosiasiyaya dəstək verməyə, assosiasiyaya qoşulmağa və birlikdə problemləri həll etməyə çağırış edirəm”.

KOBİA İdarə Heyəti sədrinin müavini Emil Hüseynli ictimai iaşə sektorunun iqtisadi göstəricilərindən danışaraq mühüm rəqəmləri açıqlayıb.

Onun sözlərinə görə, 2026-cı ilin ilk beş ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 119 milyon manata çatıb. Bu isə real ifadədə 5,8 faiz artım deməkdir.

“Ən qürurverici məqam isə bu nəhəng dövriyyənin 99,4 faizinin məhz qeyri-dövlət, yəni sizin – dəyərli sahibkarlarımızın payına düşməsidir.

Bildirməliyəm ki, bu sahə mikro bizneslərin kiçik, kiçik bizneslərin isə şəbəkələşərək orta biznesə keçidi üçün ən real və əlçatan platformalardan biridir".

KOBİA rəsmisi sektorun əsas problemlərindən birinin peşəkar kadr çatışmazlığı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, məsələ yalnız işçi tapmaqla məhdudlaşmır. Əsas problem peşəkar aşpazların, texnoloqların və xidmət menecmenti üzrə mütəxəssislərin yetişdirilməməsidir.

“Mövcud kadrlar müasir restoran menecmentinin tələbləri ilə tam ayaqlaşmır. Nəticədə müəssisələr arasında aqressiv işçi transferləri baş verir. Bu isə daxili xərcləri artırır və xidmət keyfiyyətinə mənfi təsir göstərir”, - deyə o qeyd edib.

Emil Hüseynli təchizat zəncirindəki problemlərin də sektor üçün ciddi çağırışlardan biri olduğunu bildirib.

Onun sözlərinə görə, KOB subyektləri daxili bazardan davamlı şəkildə eyni keyfiyyətdə və eyni standartlara cavab verən xammal və qida məhsulları – ət, tərəvəz, süd və digər məhsulları tədarük etməkdə çətinlik çəkirlər.

Logistika və anbar sistemlərinin kifayət qədər inkişaf etməməsi isə həm məhsul itkisini, həm də maya dəyərini artırır.

KOBİA rəsmisinin diqqət çəkdiyi digər mühüm problem maliyyə resurslarına çıxışın məhdudluğudur.

Xüsusilə mikro və kiçik kafelərin əksəriyyətinin icarə əsasında fəaliyyət göstərdiyini deyən Emil Hüseynli qeyd edib ki, bu səbəbdən həmin müəssisələr bankların girov təminatı ilə bağlı tələblərini qarşılaya bilmir və daha ucuz, uzunmüddətli kredit alətlərindən yararlanmaqda çətinlik çəkirlər.

Daha bir mühüm məsələ isə rəqəmsallaşma və texnologiyaların tətbiqidir.

“Böyük şəbəkələr rəqəmsallaşsa da, kiçik bizneslərdə hələ də anbar və maya dəyərinin hesablamaları köhnə üsullarla aparılır. Bu isə şəffaflığın itirilməsinə və daxili itkilərin artmasına zəmin yaradır”, - deyə o bildirib.

Emil Hüseynli sahibkarların qarşılaşdığı problemlərin aradan qaldırılması, şəffaf işləyən biznesin stimullaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən kompleks tədbirlərin görüldüyünü də diqqətə çatdırıb.

O bildirib ki, 2026-cı il yanvarın 1-dən ƏDV ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul şəxslər tərəfindən ƏDV hesablanarkən POS-terminal vasitəsilə nağdsız qaydada ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi üç il müddətində ümumi dövriyyədən çıxılır.

Bundan başqa, 8 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi olan iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminallar vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsi 6 faizə endirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılov isə qida təhlükəsizliyinin təmin olunması, sahibkarların maarifləndirilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

O bildirib ki, AQTA qida təhlükəsizliyi ilə yanaşı, baytarlıq və fitosanitar nəzarət sahəsində dövlət tənzimlənməsini həyata keçirir və bu sahədə istehlakçıların hüquqlarının müdafiəsini təmin edir.

“Əsas fəaliyyət istiqamətlərimizdən və vəzifələrimizdən biri də bu sahədə çalışan sahibkarlıq subyektlərinin, o cümlədən istehlakçıların maarifləndirilməsi, onların peşəkar bilik və bacarıqlarının artırılmasıdır.

Təsadüfi deyil ki, 2023-cü ildə qəbul olunmuş “Qida təhlükəsizliyi haqqında” qanunda da qida sahəsində çalışan subyektlərdə qida ilə birbaşa təmasda olan şəxslərin gigiyenik təlimə cəlb olunması tələbi nəzərdə tutulub. Artıq 2023-cü ildən başlayaraq bu tələbin icrasına nəzarət həyata keçirilir.

Həmin təlimlərdə Agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun da böyük payı var. Onların fəaliyyəti nəticəsində qida zəncirində fəaliyyət göstərən bir sıra subyektlərin nümayəndələri gigiyenik təlimlərə cəlb olunub, onların bilik və bacarıqları təkmilləşdirilib”, - deyə Elşad Cəbrayılov bildirib.

AQTA rəsmisi qida obyektlərinin reytinq sistemindən də danışıb. Bildirib ki, dövlət proqramında nəzərdə tutulan tələbin icrası məqsədilə qida obyektlərinin reytinq sisteminin formalaşdırılması ilə bağlı normativ akt qəbul edilib.

Bu tələblərə əsasən qida subyektlərinin öz ərizələri və istəkləri əsasında həmin obyektlərə müvafiq ulduz reytinqinin tətbiqinə başlanılıb. Sistem üç, dörd və beş ulduzlu qiymətləndirməni nəzərdə tutur.

AQTA rəsmisi qida israfının qarşısının alınmasının da Agentliyin diqqət mərkəzində olduğunu bildirib.

Onun sözlərinə görə, Agentlik aidiyyəti dövlət qurumları və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində ictimai iaşə obyektlərində qida israfının qarşısının alınması istiqamətində iş aparır.

Bu əməkdaşlıq çərçivəsində bələdçi və həmin bələdçi əsasında beş moduldan ibarət proqram hazırlanıb. Hazırda proqram Agentliyin aidiyyəti struktur bölmələrində nəzərdən keçirilir.

Forum müzakirələrlə davam edib.

Tədbirin əsas məqsədlərindən biri sektorda fəaliyyət göstərən sahibkarları və peşəkarları vahid platformada bir araya gətirmək, onların arasında əməkdaşlığın genişləndirilməsinə, təcrübə mübadiləsinə və yeni təşəbbüslərin müzakirəsinə şərait yaratmaq olub.

Xalidə Gəray,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR