Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən varlı iş adamlarından biri olan İlon Mask ilə ailəsi arasındakı gərginlik yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Maskın 22 yaşlı trans qızı Vivian Jenna Vilson İspaniyanın İbiza adasında keçirilən moda tədbirində qırmızı xalça üzərində jurnalistlərin suallarını cavablandırarkən atası ilə bağlı suala sərt reaksiya verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə jurnalistin “Atan ən yaxşısıdır, elə deyilmi?” sualını eşidən Vilson əvvəlcə təəccüblə “Bağışlayın?” cavabını verir. Sual təkrarlandıqdan sonra isə qısa şəkildə “Yaxşı” deyərək müsahibəni yarımçıq qoyur və oradan uzaqlaşır.
Hadisə ata ilə qız arasında uzun illərdir davam edən fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Sosial mediada bir qrup istifadəçi Vilsonu tənqid etsə də, çoxsaylı insanlar onun reaksiyasını haqlı hesab edib. Dəstəkçiləri Maskın keçmişdə qızı barədə səsləndirdiyi mübahisəli fikirləri xatırladaraq jurnalistin sualını yersiz adlandırıblar.
Qeyd edək ki, Vilson 2022-ci ildə məhkəmə qərarı ilə həm adını, həm də soyadını dəyişdirərək atası ilə hüquqi əlaqəsini kəsmək istədiyini açıqlamışdı. O, müxtəlif müsahibələrində atası ilə münasibətlərinin uzun müddətdir pozulduğunu və onunla əlaqə saxlamaq istəmədiyini bildirib.
Mask və qızı arasındakı qarşıdurma son illərdə dəfələrlə mediada müzakirə mövzusu olub və tərəflərin açıqlamaları geniş rezonans doğurub.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ