İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ikinci cəbhəni açdı – bu ölkə yeni poliqona çevrilir

Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən ciddi şəkildə kəskinləşib.

The Telegraph: İran Husiləri tək buraxır

Husilər Taiz əyalətində Prezident Şurasının sədri Rəşad əl-Əliminin iqamətgahını ələ keçirdiklərini açıqlayıb və paralel olaraq Səudiyyə Ərəbistanının strateji obyektlərinə raket və dronlarla zərbələr endiriblər. Siyasi şərhçilər qeyd edir ki, xüsusilə Ər-Riyad hava limanı və “Aramco” obyektinin hədəfə alınması Yəmən münaqişəsinin artıq yalnız ölkə daxilindəki qarşıdurma olmadığını, regional təhlükəsizlik və enerji infrastrukturu üçün də ciddi risk yaratdığını göstərir.

Bəs baş verənlər regionda hansı yeni təhlükəsizlik reallığı yaradır?

Politoloq Zeynal Əmrəliyev Musavat.com-a bildirib ki, proseslərə yalnız Yəmən-Səudiyyə Ərəbistanı münaqişəsi kimi baxmaq düzgün deyil: "Burada əsas mübarizə regionda maraqları olan beynəlxalq qüvvələr arasında gedir. Hətta bunu İran-Səudiyyə Ərəbistanı qarşıdurması kimi təqdim etmək də düzgün olmaz. Əsas mübarizə əsasən Qərbin dəstəklədiyi Səudiyyə Ərəbistanı və İranın dəstəklədiyi husilər arasında gedir. Yəni Yəmən artıq beynəlxalq münaqişənin yeni bir episentrinə çevrilməkdədir".

Azərbaycan bu təşkilatın işində möhtəşəm işlər görüb - Politoloq -  Globalinfo.az

Politoloq qeyd edib ki, mövcud vəziyyət fonunda iki əsas ssenari nəzərdən keçirilə bilər: "Birinci ssenari ondan ibarətdir ki, ABŞ və koalisiya qüvvələri Yəmənə müdaxilə edərək husilərin bölgədən tamamilə çıxarılmasına nail olmalıdırlar. Çünki açıq şəkildə görünür ki, Səudiyyə Ərəbistanı bu məsələnin öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. İkinci ssenari isə ABŞ-nin husilərlə müəyyən məsələlər üzrə razılığa gəlməsi və onların Səudiyyə Ərəbistanının cənubunda ayrıca siyasi qurum yaratmasına razılıq verməsidir. Bu halda husilərin nəzarətində Zeydi-şiə dövləti və ya siyasi qurumunun formalaşması gündəmə gələ bilər. Təbii ki, husilərin arzuladığı əsas məsələlərdən biri də budur".

Zeynal Əmrəliyev hesab edir ki, belə bir ssenari yeni regional risklər də yarada bilər: "Burada ciddi bir sual ortaya çıxır: husilər yalnız Yəmənlə kifayətlənəcəkmi? Çünki belə bir ssenari digər ölkələrin də ciddi təhlükə ilə üzləşməsinə səbəb ola bilər. Husilərlə Səudiyyə Ərəbistanı arasında çox ciddi ideoloji qarşıdurma mövcuddur və bu mübarizənin qısa müddətdə başa çatacağı inandırıcı görünmür. Ona görə də Qərb bölgəyə hərbi müdaxilə etmək qərarına gələrsə, həm beynəlxalq dəniz yolları, həm də Səudiyyə Ərəbistanının özü ciddi təhlükə ilə üzləşə bilər. Digər tərəfdən, husilərlə razılaşma variantının da özünəməxsus mənfi nəticələri olacaq. Bütün bunlar göstərir ki, Yəməndəki münaqişə getdikcə daha mürəkkəb xarakter alır və artıq yalnız regional deyil, beynəlxalq maraqların toqquşduğu ciddi geosiyasi qarşıdurmaya çevrilməkdədir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR