Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İranla müharibəsi Vaşinqton üçün yalnız hərbi və xarici siyasət məsələsi deyil, eyni zamanda ciddi daxili siyasi mövzuya çevrilir. “Fox News”un sentyabrın 11-14-də 1211 qeydiyyatda olan seçici arasında keçirdiyi son sorğu amerikalıların 60 faizinin İrana qarşı hərbi əməliyyata başlanmasını yanlış qərar hesab etdiyini göstərib. Respondentlərin 71 faizi isə Donald Tramp administrasiyasının münaqişəni başa çatdırmaq üçün aydın strategiyasının olmadığını düşünür.
Müharibənin ABŞ-ın uzunmüddətli təhlükəsizliyinə mənfi təsir göstərəcəyini düşünənlərin payının apreldəki 39 faizdən 47 faizə yüksəlməsi də diqqət çəkir. Trampın xarici siyasətinə müsbət qiymət verənlərin 37 faizə düşməsi fonunda İranla qarşıdurmanın Ağ Ev üçün həm strateji, həm də siyasi yükə çevrildiyi görünür.
Qeyd edək ki, noyabrın 3-də Amerikada aralıq seçkiləri keçiriləcək. Seçkilər öncəsi belə sorğu nəticələrinin önə çıxması Tramp administrasiya üçün “əcəl zəngi” kimi qəbul olunur.
ABŞ cəmiyyətində müharibəyə qarşı narazılığın artmasının əsas səbəbi nədir? 71 faizlik göstərici Tramp administrasiyası üçün hansı siyasi mesajı verir? İctimai rəyin dəyişməsi Vaşinqtonun İran siyasətinə təsir göstərə bilərmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da qeyd etdi ki, ABŞ cəmiyyətində İranla müharibəyə münasibətin dəyişməsinin əsas səbəbi artıq yalnız hərbi əməliyyatların özü deyil, bu müharibənin məqsədi və sonunun necə olacağı ilə bağlı qeyri-müəyyənlikdir: “Fox News”un son sorğusunda amerikalıların 60 faizinin hərbi əməliyyatların başlanmasını yanlış qərar hesab etməsi, 71 faizinin isə administrasiyanın müharibəni başa çatdırmaq üçün aydın strategiyasının olmadığını düşünməsi Vaşinqton üçün ciddi siyasi siqnaldır. Xüsusilə diqqətçəkən məqam odur ki, bu narahatlıq yalnız Demokrat seçicilərlə məhdudlaşmır. Respublikaçıların 43 faizi, müstəqil seçicilərin isə 83 faizi administrasiyanın aydın çıxış strategiyasının olmadığını düşünür.
Burada iqtisadi amili də nəzərə almaq lazımdır. Amerikalı seçici üçün İran müharibəsi gündəlik həyatın birbaşa prioriteti deyil. Əsas narahatlıq həyat bahalılığıdır. Lakin müharibənin enerji qiymətlərinə və ümumi iqtisadi vəziyyətə təsiri artdıqca xarici siyasət məsələsi daxili siyasi problemə çevrilir. 71 faizlik göstərici isə Ağ Ev üçün daha dərin mesaj verir. Cəmiyyətin əhəmiyyətli hissəsi artıq yalnız “müharibəyə başlamaq doğru qərar idi?” sualını vermir, “bu müharibənin çıxış yolu varmı?” sualını da gündəmə gətirir. Bu isə administrasiyanın qərarlarına olan etimad məsələsini ön plana çıxarır.
Eyni zamanda müharibənin ABŞ-ın uzunmüddətli təhlükəsizliyinə mənfi təsir göstərəcəyini düşünənlərin payının apreldəki 39 faizdən 47 faizə yüksəlməsi də mühüm göstəricidir. Bu, hərbi əməliyyatların təhlükəsizlik gətirəcəyi ilə bağlı ilkin arqumentin cəmiyyətin bir hissəsi üçün əvvəlki qədər inandırıcı olmadığını göstərir. İctimai rəy, əlbəttə, Vaşinqtonun xarici siyasətini avtomatik müəyyən etmir. Amma seçki dövründə siyasi və iqtisadi təzyiqlərlə birləşdikdə administrasiyanın qərarlarına təsir edən amilə çevrilə bilər. Xüsusilə enerji qiymətləri və həyat bahalılığı ilə bağlı narahatlıq artarsa, müharibənin siyasi qiyməti də yüksələcək. Ona görə İran məsələsində Ağ Ev üçün əsas problem artıq hərbi üstünlüyün necə qorunması ilə yanaşı, müharibənin hansı siyasi və diplomatik çərçivədə başa çatdırılmasıdır. ABŞ cəmiyyətində dəyişən ictimai rəy də məhz bu istiqamətdə Vaşinqtona artan təzyiq yaradır”.
Cavanşir Abbaslı
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ