Onlayn ictimai-siyasi qəzet
İranın siyasi rəhbərliyində yaranan ciddi fikir ayrılıqları ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan kritik danışıqların son anda təxirə düşməsinə səbəb olub.
Musavat.com xəbər verir ki, "Iran International" nəşrinin yaydığı məlumata görə, Prezident Məsud Pezeşkianın müttəfiqləri ilə ali lider Müctəba Xameneinin ofisinə yaxın fiqurlar arasındakı gərginlik diplomatik missiyanı iflic edib. Nümayəndə heyətinin artıq uçuşa hazır olduğu bir məqamda Xameneinin ətrafından gələn qəti sərəncamla nüvə məsələlərinin müzakirəsi qadağan edilib və Xarici İşlər Nazirliyinin komandası əvvəlki danışıqlara görə rəsmi töhmət alıb.
XİN rəhbəri Abbas Əraqçi isə yaranmış vəziyyətdə məhdudiyyətlər aradan qaldırılmadan danışıqlarda iştirakın faydasız olduğunu bəyan edib. Bu hadisə ABŞ nümayəndə heyətinin İslamabada səfəri və Donald Trampın İran tərəfindən mümkün təkliflər üçün atəşkəs rejimini uzatması barədə şayiələrin yayıldığı həssas bir dövrə təsadüf edir.
Ekspertlər hesab edirlər ki, Tehran daxilindəki bu hakimiyyət davası ölkənin beynəlxalq arenadakı manevr imkanlarını ciddi şəkildə zəiflədir.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ