Onlayn ictimai-siyasi qəzet
İranda dekabrın 28-dən başlayan və ölkəni bürüyən etiraz dalğası 17 gün davam etdi. Artıq iki gündür sakitlikdir. “Röyters” agentliyi insan haqları fəallarına və yerli sakinlərə istinadla xəbər verir ki, İran hakimiyyəti ölkədəki genişmiqyaslı etirazları yatırıb və artıq, demək olar ki, sakitlikdir, vəziyyət hakimiyyətin tam nəzarəti altındadır.
Sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşir Musavat.com-a bildirib ki, həqiqətən də hakimiyyət prosesləri tam nəzarət altına alıb. Bunu da şərtləndirən bir sıra səbəblər mövcuddur: “Ən təsirli səbəblərdən biri də 36-ya qədər Məscidin yandırılması oldu. İranda din amili çox güclü ideoloji amil və güc rolunda çıxış edir. Etirazçıların böyük əksəriyyəti, o cümlədən etirazlara qatılmayan və potensial etirazçı ola biləcək xalq kütlələri məscidlərin yandırııldığını gördükdə fərqli mövqe sərgilməyə, düşünməyə başladılar. İnsanlar məscidlərin yandırılmasını qəbul etmədilər və onlarda “biz məscidləri yandıranlarımı dəstəkləyirik” kimi suallar yarandı və bu sualların cavabı insanların mövqeyinə təsir etdi. Digər tərəfdən İran prezidenti daha liberal davrandı, etirazçılarla görüşə getdi. Düzdür hələ ki, etirazların baş verməsini yaradan səbəblər aradan qaldırılmayıb, amma Pezeşkianın etirazçıların tələblərini yerinə yetirmək istəyi etirazların səngiməsinə təsir göstərdi”.
E.Mirbəşir hesab edir ki, İranda əhalinin böyük əksəriyyəti ötən əsrin ortalarındakı kimi ölkənin xarici geosiyasi maraqların obyektinə çevrilməsinin əleyhinədir: “Bununla yanaşı, ötən əsrdə baş verən rejim dəyişiklikləri xarici qüvvələrin təsiri ilə həyata keçirilmişdir. Kollektiv düşüncə ondan ibarətdir ki, baş vermiş dəyişikliklərin İran xalqına zərəri daha çox olmuşdur. Bunlarla yanaşı, ABŞ prezidenti Trampın hərbi zərbələr endirəcəyi ilə bağlı hədələri də hakimiyyətin mövqelərini möhkəmləndirdi. Tarixi təcrübə göstərir ki, xarici müdaxilə təhlükəsi istənilən cəmiyyətlərdə, xüsusilə də İran cəmiyyətində daxili həmrəyliyi ciddi şəkildə gücləndirir. Növbəti dəfə İranda baş verənlərin fonunda bunu müşahidə etdik.
Hakimiyyət daxilində proseslərə fərqli yanaşmalar mövcud olsa da, onun monolitliyi ilə bağlı da ciddi problemin olmadığı göründü”.
Baş vermiş hadisələrin qarşıdakı dövrdə İrandakı vəziyyətə necə təsir göstərəcəyinə gəlincə, sabiq deputat hesab edir ki, hakimiyyət xalqın güzəranının yaxşılaşdırılmasının mütləq vacib olduğunu gördü və bu istiqamətdə addımlar atmağa çalışacaq. Eyni zamanda sistem daxilində də müəyyən dəyişikliklər olacağı mümkündür:
“Prezident hakimiyyəti gücləndirilə bilər. Çünki rejimin ayaqda qalması üçün idarəetmə sistemində, həmçinin sosial-iqtisadi sahədə islahatların həyata keçirilməsi qaçılmazdır. Hakimiyyət əmin oldu ki, İranda real və böyük etirazçı kütlə var və kənara güclər bu kütləni narazılığından daim istifadə etməyə çalışa bilər. Ona görə də etirazçı kütlənin narazılığını aradan qaldıracaq islahatlara gedilə bilər. İranda iqtisadi vəziyyəti çətinləşdirən xarici amilin rolu danılmazdır. Sanksiyalar ölkənin iqtisadi imkanlarını məhdudlaşdırıb, bu əhalinin həyatında özünü göstərir. Ona görə də dünya ilə münasibətlər istiqamətində yeni bir yumşaldıcı prosesin başlanacağı da istisna deyil. Bir sözlə, İranda iki həftədən artıq davaçm edən etirazların nəticələrinin olmayacağını söyləmək yanlış olar”.
Etibar Seyidağa,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ