Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib. Razılıq Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Birgə Komissiyanın İranda keçirilən 55-ci iclasında əldə olunub. Tərəflər su ehtiyatlarının idarə olunması, monitorinqin aparılması, suyun keyfiyyətinə nəzarət və yeni suölçmə qurğularının quraşdırılması ilə bağlı məsələləri də müzakirə edərək yekun protokol imzalayıblar.
Bu qərar Azərbaycanın su təminatı və kənd təsərrüfatı üçün hansı üstünlükləri yarada bilər? İqlim dəyişiklikləri və quraqlıq şəraitində Araz çayının su ehtiyatlarının gələcəyi ilə bağlı risklər varmı?

Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Araz çayının statusu ilə bağlı vacib bir məqamı qeyd edim. Biz çox vaxt Arazı sərhəd çayı kimi qəbul etsək də, təəssüf ki, bəzən ona transsərhəd (şərikli) bir çay kimi də baxılır. Lakin bu yanaşma tam doğru deyil. Araz çayının axınının böyük bir hissəsi məhz Azərbaycan ərazisində formalaşır. İrandan bu çaya yalnız tək-tük qollar qoşulur ki, bunlardan da xüsusilə yalnız Qarasu çayının adını çəkmək olar. Çay Azərbaycan ərazisinə daxil olaraq Kür çayı ilə qovuşur və suları Xəzər dənizinə tökülür. Yəni Araz şərikli bir çay deyil; sərhəddən axsa da, daha çox Azərbaycana məxsus olan bir çaydır. Bu səbəbdən onun su ehtiyatlarının bölünməsində Azərbaycanın mənafeləri daha üstün tutulmalıdır".
Ekspert əlavə edib ki, Araz çayı üzərində su anbarlarının tikintisi artıq reallaşdırılıb:
"Bu su anbarları isə hazırda əsasən İranın mənafelərinə xidmət edir. Çünki bu anbarlar olmasaydı, həmin su ehtiyatlarının hamısı Azərbaycana daxil olacaqdı. Hazırda isə danışıqlar mütləq qeyd etdiyim bu şərtlər və reallıqlar çərçivəsində aparılmalıdır. Müştərək istifadədən söhbət gedərkən hər bir ölkənin Arazdakı payı dəqiq müəyyənləşdirilməlidir. Mənim hesablamalarıma görə, bu bölgü təxminən 85-in 15-ə nisbətində olmalıdır. Yəni su ehtiyatlarının 85%-i Azərbaycana, 15%-i isə İrana məxsus olmalıdır".
Afaq Mirayiq,
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ