İnsanlara hürriyət, millətlərə istiqlal!

İtalyan qəzeti Lavrovun “sensuradan keçməyən” müsahibəsini tam şəkildə yayımladı

Musavat.com xəbər verir ki, İtaliyanın La Verità qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovun müsahibəsinin tam mətnini dərc edib.

Həmin müsahibəni daha əvvəl Corriere della Sera dərc etməkdən imtina etmişdi — səbəb kimi nazirdən gələn cavabların “çox narahatedici və sensurasız yayımlanması mümkünsüz” olması göstərilmişdi.

La Verità müsahibəni Rusiya XİN-in saytı tam versiyanı dərc etdikdən sonra öz platformasında yerləşdirib və bildirib ki, materialı dəyərləndirmədən, filtrləmədən və heç bir təbliğat məqsədi olmadan yayımlayır. Redaksiya vurğulayıb ki, mətbuatda müəyyən fikirlərin çapdan kənar saxlanılması şəffaflıq məsələlərini gündəmə gətirir.

Qəzetin onlayn versiyasında müsahibə tam şəkildə yerləşdirilib. Çap versiyasında isə müsahibədən yalnız seçilmiş hissələr dərc olunub və oxucuların tam mətni əldə etməsi üçün xüsusi QR-kod verilib.

La Verità-nın açıqlamasında qeyd olunur:

“Oxucuların mübahisəli olsa belə, bütün fikirləri eşitməyə və öz mövqelərini formalaşdırmağa haqqı var”. 

Rusiya XİN nümayəndəsi Mariya Zaxarova daha əvvəl Corriere della Sera-nın müsahibəni dərc etməməsini “sensura” kimi qiymətləndirmişdi.

Qeyd edək ki, Milanda yerləşən La Verità (“Həqiqət”) qəzeti sağ-mühafizəkar siyasi xəttə malik gündəlik nəşrdir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR