İnsanlara hürriyət, millətlərə istiqlal!

Kədərli hekayət – Əllərini işdən ayırıb avtomobillərə baxan süpürgəçilər...

Ötən ilin son günlərində, konkret olaraq dekabr ayının 30-da, saat 16 radələrində, paytaxtda, Babək prospektinin sonuncu tunelindən Yusif Səfərov küçəsinə çıxanda 15 dəqiqənin içində elə epizodlara şahid oldum ki, düz üç gün bunu yazıb-yazmamaq barədə düşündüm.

Hisslərin qarışdığı, adama məmnunluqla və üzüntünü eyni anda yaşadan mənzərələr idi.

Həmin gün o saatda o yolda tıxac vardı. Avromobillər sökülmüş Cavanşir körpüsünə aparan və oradan gətirən qarşı yolla metr-metr hərəkət edir, bir yol ayrıcını işıqforun yaşıl-qırmızı işıqlarının bir-birini 4-5 dəfə əvəzləməsindən sonra adlaya bilirdilər. Bu, məlum məsələdir: həftə sonu və bayram günlərindən əvvəl həmin saatlarda şəhərin çıxış yolları belə olur, on minlərlə sürücü yaxın-uzaq rayonlara səfərə çıxır, yol yüklənir.

Yolun hər iki tərəfinin solunda, türkün sözü, qaldırımın (səkinin) üstündə əyinlərində fosforlu yaşılımtıl jilet, kürəklərində müvafiq yazılar olan kommunal xidmət işçiləri vardı, səki ilə yolun birləşən yerinin dibini süpürürdülər.

Hava soyuq, küləkli idi. Onları görəndə, doğrusu, qəfildən ağlıma gəldi ki, adamın cibində çoxlu pul ola, çıxarıb bu zəhmətkeş insanların hərəsinə 50 manat verəsən, bayramlarını təbrik edəsən, evlərinə əlidolu gedələr. Onu da düşündüm ki, bu şəxslərə kiçik əskinaslar təklif etmək bəlkə də təhqiramiz çıxar, amma böyük əskinaslar bayrama yaraşmış olar və heç biri imtina etməz. Bu fikri beynimdə bişirib başa çatdırmamış, bir də gördüm ki, önümdəki “Leksus” markalı, cip növlü, ...444 nömrəli avtomobilin sürücü şüşəsini endirdi, 2-3 metrliyindəki kommunal xadiməyə 20 manatlıq əskinas uzatdı, nəsə dedi (böyük ehtimalla “bayramınız mübarək olsun”). Qadın başının işarəsi ilə ona təşəkkür etdi, pulu alıb xalatının cibinə qoydu.

Heç bir saniyə çəkmədi, daha öndəki cipin sürücüsü də maşının pəncərəsindən kürəyinə “kommunal xidmət” sözləri yazılan jilet geymiş kişiyə kağız pul uzatdı (onun nominalını seçə bilmədim). Əlində süpürgəsi olmayan, yəqin ki, xadimələrin briqadiri olan kişi ona pul uzadana heç bir təşəkkür-filan etmədi, qürurlu bir əda ilə pulu aldı – təxminən 2022-ci ilin dekabrında mundialın finalında Argentinaya uduzduqdan sonra FİFA rəhbərliyi tərəfindən gümüş medalını alan Mbappenin sifət ifadəsi ilə. Sürücülərin mərifəti və səxavəti, kommunal işçilərin qürurlu davranışı xoşuma gəldi.

Daha 50-100 metr irəlidə bu dəfə qarşıdan gələn bir “Mersedes S-klass” markalı avtomobilin sürücüsü zəhmətkeşləri pul əskinası ilə təbrik etdi. Yolun sonuna qədər eyni epizod azı iki dəfə təkrar olunanda birdən-birə diqqət etdim ki, nəyə görəsə bu səkinin üstündə kommunal xidmət işçiləri həddən artıq çoxdur, sanki Xətai rayonunda başqa prospekt yoxdur, bütün işçilər buraya yığılıb və heç biri yolun sağ tərəfini, piyadalar gedib-gələn səkiləri yox, məhz yolun düz ortasını təmizləyirlər.

Ona da diqqət yetirdim ki, əslində bu, real təmizlikçilik də deyil. Qadınlar süpürgələri ilə 3-4 saniyə qurdalanır, sonra əllərini saxlayıb avtomobillərə baxır, açıq-aşkar təbrik gözləyirlər.

Onlar başqa vaxt belə hərəkətlər etmirlər, başlarını aşağı salıb işlərini görürlər. Həmin gün isə yol keçən, daha dəqiqi, tıxacda qalan sürücülərə təmənna ilə baxırdılar. Aydın məsələdir: onların maaşları azdır, pula ehtiyacları var və əvvəlki bayramlarda bu yoldan keçənlərdən diqqət, mərhəmət, səxavət görüblər deyə belə edirlər.

Bahalı, lüks avtomobillər sürən sürücülərin məlum hərəkəti, söz yox, onların vicdanlı, ürəyiyumşaq biri olmalarından xəbər verirdi. Pullarını necə qazansalar da, onlar düşünürlər ki, bayram günündə heç kəs sıxıntı çəkməməlidir və onlar bu işə bacardıqları kimi töhfə verməlidirlər.

Bu, istər-istəməz imkanlı adamlara yanaşmanı dəyişdirir, anlayırsan ki, heç də hamısı harın deyil, içində mərifətli, duyarlı insanlar da var.

Bu məmləkətin insanları kasta ənənələri yaşadanlardan deyil – bu, məmnunluq doğurur. Baxırsan ki, adamlar həqiqətən yardıma ehtiyacı olanlara biganə deyillər, sadəcə, yardım adıyla varlanmaq istəyən dələduzlara aldanmaq istəmirlər. Yardım dələduzlarının ən böyük günahı odur ki, bu şəxsləri mərhəmətli olmaqdan bezdirir, eləcə də gerçəkdən köməyə möhtac olanların haqqına girirlər.

Kommunal xidmət işçilərinin yol ortasındakı səkiyə düzülüb yol keçən sürücülərə təmənnalı baxışlara baxması isə çox kədərli idi, buna Anadoluda duyğu sümürüsü etmək deyirlər.

Belə olmalı deyil. Onlar elə məvacib almalıdırlar ki, süpürgələrini saxlayıb avtomobillərə baxmasınlar.

Bir fikir adamının dediyi kəlam özünü doğruldur. O deyir ki, çox pul insanları çox da korlamır, insanların pulun olmaması daha çox korlayır. Pulsuzluq, dərin ehtiyac adamları oğru, quldur, qatil, ştatlı hal şahidi, mərdiməzar edə, ona-buna əl açmağa vadar qoya bilər. “Ehtiyac qul eylər qəhrəmanı da” kəlamı elə-belə yaranmayıb.

Qoy ölkəmizin insanları qürurlu, mərhəmətli, səxavətli olsunlar, heç kimsəyə təmənnalı baxışlarla baxmasınlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR