Onlayn ictimai-siyasi qəzet
İnsanın başqalarını idarə etməsi üçün vəzifəyə, pula, hakimiyyətə, bəzən də sadəcə gücə ehtiyacı olur. Özünü idarə etmək üçün isə bunların heç biri lazım deyil. Bunun üçün iradə lazımdır.
Amma qəribədir ki, insan üçün ən çətin idarə olunan da elə özüdür.
Azərbaycan dilində “idarə” və “iradə” sözləri bir-birinə çox bənzəsə də, aralarında cəmi bir hərfin yeri dəyişməsi məna fərqini də özü ilə gətirir.
İdarə etmək – rəhbərlik etmək, tənzimləmək, istiqamət vermək, nəzarətdə saxlamaq, hökm etmək və qərar verməkdir.
İradə isə qərar verdiyin istiqamətdə getmək, nəfsinə, qorxuna, tənbəlliyinə, ehtirasına və bəzən də qəzəbinə qalib gəlmək gücüdür.
Ancaq bir az dərindən baxanda görürsən ki, bu iki sözün arasında təkcə hərflərin deyil, mənaların da maraqlı əlaqəsi var.
İnsan həyatının ən böyük məsələlərindən biri məhz öz iradəsinin idarəsidir.
İradənin olması hələ kifayət deyil. Güclü iradəli insan yanlış istiqamətdə də sonadək gedə bilər. Tarix bunun nümunələri ilə doludur. Böyük faciələrə və dağıntılara səbəb olmuş insanların bir çoxu iradəsiz olmayıb. Əksinə, onların məqsədi də olub, inadkarlığı da, qərarlılığı da.

Problem iradənin zəifliyində deyil, onun hansı ağılın, hansı əxlaqın və hansı məqsədin idarəsində olmasında idi.
Deməli, insanın gücü təkcə iradəli olmasında deyil, öz iradəsini idarə edə bilməsindədir.
İnsan bəzən bir dövləti idarə edə bilir, amma öz qəzəbini idarə edə bilmir.
Minlərlə işçisi olan şirkətə rəhbərlik edir, amma bir pis vərdişinin qarşısında aciz qalır.
Başqalarına ağıl verir, məsləhət verir, yol göstərir, qərarlar qəbul edir, amma öz həyatında verdiyi qərarın arxasında dayana bilmir.
Burada insan həyatının qəribə paradokslarından biri ortaya çıxır.
İdarə başqalarına hökm etmək bacarığıdırsa, iradə insanın özünə hakim olmaq gücüdür.
Bəlkə də buna görə insanın əsl gücü başqalarına hökm edə bilməsində deyil, özünə söz keçirə bilməsindədir.
Qəzəblənəndə susmağı bacarmaq iradədir.
Haqlı olduğun halda qarşındakını alçaltmamaq iradədir.
İmkanın olduğu halda harama əl uzatmamaq iradədir.
Heç kim görmədiyi halda doğru qalmaq iradədir.
Yıxıldıqdan sonra yenidən ayağa qalxmaq da iradədir.
Amma bütün bunların arxasında iradəni idarə edən başqa bir qüvvə dayanır. İnsan şüurunun formalaşdırdığı bu qüvvəni ağıl və vicdanın sintezi adlandıra bilərik.
Çünki idarə olunmayan iradə bəzən inada çevrilir.
İradə ilə inad arasında çox incə bir sərhəd var. İradəli insan məqsədinə doğru gedir, amma yanlış yolda olduğunu anlayanda dayanmağı və lazım gəldikdə yolunu dəyişməyi də bacarır. İnadkar insan isə yolun yanlış olduğunu bildiyi halda geri dönməyi məğlubiyyət hesab edir.
Halbuki bəzən geri çəkilmək irəli getməkdən daha böyük iradə tələb edir.
Bəzən üzr istəmək qalib gəlməkdən daha böyük gücdür.
Bəzən susmaq danışmaqdan daha çətindir.
Bəzən “yox” demək, bəzən də öz eqona “bəli, sən yanıldın” demək iradənin ən yüksək formasıdır.
İnsan yaşa dolduqca bunu daha yaxşı anlayır, həyat yalnız istədiyini əldə etmək uğrunda mübarizə deyil. Həyat həm də nədən imtina etməli olduğunu anlamaq sənətidir.
İnsan uşaqlıqda istəyinin, gənclikdə isə gücünün arxasınca gedir. Sonra təcrübə insana öyrədir ki, hər istədiyin sənə lazım deyil, hər bacardığını etmək doğru deyil və hər qalib gəldiyin mübahisə də sənə qazanc gətirmir.
İradənin idarəsi məhz burada başlayır.
İnsan öz daxilində görünməyən bir dövlət daşıyır. Orada ağıl var, hiss var, nəfs var, qorxu var, ehtiras var, vicdan var. Bunların hər biri insanı başqa istiqamətə çəkməyə və onun iradəsini öz hökmü altına almağa çalışır.

Əgər iradənin idarəsi nəfsin əlindədirsə, iradə nəfsə xidmət edir.
Qəzəbin əlindədirsə, intiqama xidmət edir.
Tamahın əlindədirsə, daha çox sərvət toplamağa xidmət edir.
Eqonun əlindədirsə, insan hətta səhv etdiyini bildiyi halda geri çəkilmir.
Amma iradənin idarəsi ağıl və vicdanın əlindədirsə, insan təkcə nə edə biləcəyini deyil, nəyi etməməli olduğunu da bilir.
Bəlkə də insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri elə budur.
İstəmək başqa şeydir, bacarmaq başqa.
Etmək isə tamam başqa.
İnsan hər istədiyini etməmək, hər bacardığını həyata keçirməmək və hər fürsətdən istifadə etməmək gücünə sahib olduğu zaman iradəsinin sahibi olur.
Dünyanı idarə etmək istəyənlərin sayı çoxdur.
Başqalarının necə yaşamalı olduğunu deyənlərin sayı ondan da çoxdur.
Amma öz dilini, qəzəbini, nəfsini, ehtirasını, qorxusunu və tamahını idarə edə bilənlərin sayı həmişə az olub.
Bəlkə də insanın ən böyük qələbəsi başqa bir insan üzərində qazandığı qələbə deyil.
Ən böyük qələbə elə insanın öz üzərində qazandığı qələbədir.
Çünki başqalarını idarə etmək insana sadəcə başqaları üzərində hökm etmək gücü verir.
Özünü idarə etmək isə insanı şəxsiyyət kimi formalaşdırır.
Başqalarını idarə etmək üçün insana pul, vəzifə, hakimiyyət, bəzən də silah və ordu kimi maddi güc vasitələri lazım olur.
Özünü idarə etmək üçün insanın sahib olduğu yeganə mənəvi gücün adı iradədir.
İradəni doğru şəkildə idarə etmək üçün isə ağıl və vicdanın olması yetərlidir.

Elnur MƏCİDLİ
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ