Onlayn ictimai-siyasi qəzet
Rusiyanın keçmiş rəhbəri, bu ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin çox vaxt prezident Vladimir Putnin ürəyindən keçənləri dilə gətirdiyi gerçəkdir. Bəzən o elə Putnin sözünü deyir, bəzən də...
“Müəyyən dövlətlər Cənubi Qafqaz ölkələrini parçalamağa, orada qarışıqlıq yaratmağa çalışır. Rusiya bunu diqqətlə izləyir”.
Medvedyev bunu İranın Dövlət Televiziyasına müsahibədə bildirib.
Onun iddiasına görə, Rusiya Qafqaz da daxil, regional problemlərini müstəqil şəkildə həll edir. “Çünki Rusiya Qafqazın bir hissəsidir və buna görə də dost olmaq, ticarət etmək, inkişaf etmək üçün, region ölkələri ilə əməkdaşlıq etmək üçün onun kimsəyə ehtiyacı yoxdur”, - Medvedyev ərz edib...
Əvvəla, Rusiya Qafqaz ölkəsidir, Cənubi Qafqaz ölkəsi yox. Və Moskvanın bu bölgədə problemləri necə “müstəqil şəkildə” həll elədiyi, necə əmin-amanlıq yaratdığı, bölgə xalqlarının inkişafına hansı “töhfələri verdiyi”, nəhayət, necə bir dost və etibarlı tərəfdaş olduğu kimə bəlli olmasa da, bizə yaxşı məlumdur.
O da sirr deyil ki, Rusiya bu regionu həmişə konfliktlər hesabına idarə etməyə çalışıb, nəinki onların həlli ilə məşğul olub. Keçmiş Dağlıq Qarabağ münaqişəsi görkdür. Qısacası, zaman-zaman Cənubi Qafqazı qarışdıran dövlətin adı bəlli. Gəlişigözəl sözlər söyləməyə nə var. Adlarını başqalarına qoymasınlar...
Doğru, Rusiya Azərbaycan və Gürcüstanla qonşu olan böyük dövlətdir. Onunla ehtiyatlı davranmaq gərəkir. Amma “böyüklük” ədalətsiz davranışa, “nə istəyərəm, onu da edərəm”, “səndən güclüyəmsə, haqlıyam” kimi narrativlərə əsas vermir. Verməməlidir. Elə az öncə “Valday” Beynəlxalq Diskussiya Platformasında çıxışı zamanı Vladimir Putin belə bir ifadə işlətdi ki, “heç bir dövlətin təhlükəsizliyi başqa dövlətin təhlükəsizliyi hesabına təmin oluna bilməz”.
![]()
Qulağa xoş gələn sözlərdir. Bəs gördüklərimiz, əməl nə deyir? Ukraynanın başına gətirilənlər nədir görəsən? Axı, dəfələrlə sübut olunub ki, rəsmi Moskvanın hansısa beynəlxalq sənədə atdığı imza faktiki su üzərinə atılmış imza kimidir. Yəni, əhəmiyyətsiz və qeyri-ciddidir. Rusiyadan “sözü imzası olan dövlət” kimi danışmağa, ümumiyyətlə, dəymir...
Biri elə 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi. Gerçək belədir ki, Qarabağda Rusiyanın illərlə dəstək verib bəslədiyi erməni separatizminin və xunta rejiminin kökü kəsilənədək (2023, antiterror əməliyyatı), yəni, Bəyannamədən sonrakı bir il yarım ərzində Putinin də imzası duran həmin sənədi rəsmi Kreml, yumşaq desək, vecinə almadı. Hansı sənəd ki separatizm və terrorçuluqla birgə mübarizəni də nəzərdə tutur.
Yaxud Ukraynanın ərazi bütövlüyü və suverenliyinə zəmanət verən, Rusiya prezidentinin də imzaladığı Budapeşt (1994) memorandumu. Gəl ki, Ukraynanın başına açılan oyunu 5 ildir bütün dünya görür. Belə bir dövlətə inam-etibar mümkünmü?..
Ona görə zaman-zaman yazmışıq ki, Moskvanın Güney Qafqaz xalqlarına ən böyük yaxşılığı onların daxili işlərinə qarışmamaq, münaqişə ocaqları yaratmamaq ola bilər. Yəni, yaxşılığı lazım deyil, təki bəd planlar qurmaq kimi pisliklər dən əl çəksin.
Reallıq həm də budur ki, Qarabağ münaqişəsini ABŞ, Qərb yaratmamışdı. ABŞ, Qərb çox uzaqda. Rusiya isə qulağımızın dibində - hələ də imperiya iddialarından əl çəkməyən Rusiya. İndi bölgə dövlətləri, özəlliklə, postsovet ölkələri ən çox kimdən ehtiyat eləməlidir – "harda rus yaşayır, Rusiyanın sərhədi də ordan keçir” deyənlərdən, yoxsa...
Analitik xidmət,
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ