Onlayn ictimai-siyasi qəzet
Öncə bütün müəllimləri bayramları münasibətilə təbrik edirəm. Xalqımız bu peşəni o qədər sevir ki, hamıya “müəllim” deyə üz tutur. İstər avtobus sürücüsü olsun, istər prokuror. İstər qəssab olsun, istər köşə yazarı. Hamımız müəllimik, maşallah. Bu, ümummilli müraciət formasına çevrilmişdir. Necə ingilis “mister” deyir, iranlı “ağa” deyirsə, onun kimi.
Düzdür, son illər Məzahir müəllim seçkilərdə mürəkkəb tətbiq edəndən sonra müəllimlərin həyatda rolu bir qədər azalmışdır. Onları ixtisar edir, cürbəcür attestasiyalardan keçirirlər. Bu da pedaqoqlarımızda haqlı narazılığa səbəb olur. Yanılmıramsa, təzəlikcə keçirilən YAP qurultayında nümayəndələr arasında müəllimlərin sayı ötən illərə nisbətən 30 protokol, 55 bülleten, 79 ultrabənövşəyi mürəkkəb flakonu qədər azalmışdır. Ancaq gərək ümid üzülməsin. Su gələn arxa bir də gələr. Hər kəsin çörəyi xəmirinə görədir. Məkkəyə gedən dəvə hacı olmaz. (Axırıncı ata sözünün mövzumuzla yaxından-uzaqdan əlaqəsi yoxdur, sadəcə, belə maraqlı sözləri hərdən yazacağam ki, sayın oxucularımızın asudə vaxtı səmərəli keçsin).
Ümumiyyətlə, bizdə iqtisadi islahatlar dərinləşdikcə üzə bilməyənlər batırlar. Sayın xalq şairimiz Ramiz Rövşənin bu temada maraqlı misraları vardır: “Ağıllı dərində batır, Dayazda axmaq boğulur”. Neçə ildir filoloqlarımız həmin şeiri təhlil etməklə məşğuldur, hələ yekun qərara gəlməmişlər. Bəlkə şairin fikrincə bizim bütün ağıllı insanlar dərində batmalıdır? Bilmirəm. FHN-in münasibəti də maraqlı olardı, çünki idarənin açıqlamasına görə bizdə suda boğulanların sayı ildən-ilə azalır. Yəqin üzgüçülük müəllimlərinin bu müsbət dinamikada rolu vardır.
Məsələn, Salyanda pambıqçılar etiraz edirlər, deyirlər keçənilki məhsulun pulunu hələ də almamışıq. Belə çıxır orada bu il pambıq lap azalacaq. Kənd təsərrüfatı idarəsindən səbəbi soruşublar, deyir biz pambığa baxmırıq ki. Onu şirkətlər və kəndlilər özləri bilər.
Əlbəttə. Qoyunlarımızı monqollar, danaları argentinalılar otarır, nehrəmizi Zelandiya maoriləri məşhur Haka rəqsini oynaya-oynaya çalxalayır. Bir toyuqlar qalmışdı, onlar da döş ətini satmaqdan imtina ediblər. İndi pambıq tıxamaq işinin sahibi də başqası çıxdı. Bəs görəsən bizdə kənd təsərrüfatı idarəsi nəyə lazımdır? Güman edirəm hərdən nazirin kombayn sürməyi üçündür.
Fermerlərin də günahı çoxdur. Pambığı niyə tədarükçü şirkətə verirsən? Özün sap düzəlt, parça toxu, köynək tik. Yığ sandıqda saxla. Niyə ortaya tökürsən? Bizdə qanun-qaydalar başqa yerlərdən fərqlənir.
Məsələn, bugünlərdə “Fənərbaxça” klubu Tovuzun “Turan” komandası ilə oynamaq üçün Bakıya gəlmişdi. Həmin oyunda hakim “Fənər”in bir oyunçusuna haqlı olaraq qırmızı vərəqə göstərib, lakin oyunçu deyib meydandan çıxmıram. Həqiqətən, İstanbuldan basa-basa gəlməyib ki, sən ona qırmızı vərəqə göstərəsən? Adından göründüyü kimi, yoldaşlıq görüşüdür. Lap qarnına təpik qoysun, döz. Yoldaşlıq lazımdır.
Daha sonra bütün “Fənərbağça” meydanı tərk etmək istəyib. Onlar çıxıb getməsin deyə... hakim qərarını geri çəkib. Başqa ölkədə belə şey mümkündürmü? Yox. Bizim futbolda isə olur. Hələ bu yaxşıdır, bizdə vaxtilə federasiya prezidenti Fuad Musayevin dərsini vermək üçün... stadionun işıqlarını söndürmüşdülər. Portuqaliya ilə oyun gedərkən!
Yeri gəlmişkən, 1999-cu ilin 3 sentyabrında baş verən həmin hadisə zamanı “Tofiq Bəhramov” stadionunda işıqları dərhal düzəltmək mümkün olmamışdı, oyun səhərisi günə təxirə salınmışdı və milli komandamız oyunda tarixi heç-heçəyə nail olmuşdu. Belə çıxır biz bəzi oyunlarda yenə işıqları söndürsək yaxşı nəticələr əldə edərik.
05 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ