Onlayn ictimai-siyasi qəzet
Ukrayna dəmir yollarında kəskin nəqliyyat böhranı yaranıb və ölkənin rezerv lokomotiv parkı praktiki olaraq tüfənib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Visotski "Financial Times" nəşrinə verdiyi açıqlamada bildirib.
Yaranmış ciddi çatışmazlıq səbəbindən Kiyev administrasiyası lokomotiv və vaqonların təcili tədarükü üçün Avropa ölkələri ilə intensiv danışıqlar aparmağa başlayıb. Nazir vurğulayıb ki, dəniz yolu ilə kənd təsərrüfatı məhsullarının ixracı təkcə Qara dənizdə naviqasiya təhlükəsizliyindən deyil, həm də məhsulun limanlara qatarlarla vaxtında çatdırılma imkanlarından birbaşa asılıdır.
"Financial Times" nəşrinin məlumatına görə, Rusiya ordusu son həftələrdə Ukrayna iqtisadiyyatının və ixracatının əsasını təşkil edən taxıl və dəmir filizi daşıyan yük qatarlarına, habelə dəmir yolu altyapısına qarşı zərbələri əhəmiyyətli dərəcədə intensivləşdirib. Məhz bu kütləvi hücumlar nəticəsində lokomotivlərin böyük hissəsi sıradan çıxarılıb.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ