Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 3-də Nizami Kino Mərkəzində Ordubad şəhərinin qədim tarixinə, zəngin mədəni irsinə və etnoqrafik xüsusiyyətlərinə həsr olunan “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin təqdimatı keçirilib.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ICESCO-nun Bakı Regional Ofisinin dəstəyi, “Real” Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə təşkil olunan tədbirdə rəsmilər, ictimaiyyət və media nümayəndələri, eləcə də filmin yaradıcı heyəti iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, film Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının məqsəd və hədəflərinə uyğun hazırlanıb.
Qeyd olunub ki, ekran əsəri Azərbaycanın bölgələrində mövcud olan təbii, tarixi və etnik-mədəni irsin geniş auditoriyaya tanıdılması, milli-mənəvi dəyərlərin qorunması baxımından əhəmiyyət daşıyır. Mədəniyyət Nazirliyinin bu istiqamətdə yeni layihələr üzərində çalışdığı, Azıx mağarasının dünya tarixindəki roluna və orada aparılan yeni tədqiqatlara həsr olunan sənədli filmin də yaxın zamanda tamaşaçılara təqdim ediləcəyi bildirilib.
Əməkdar jurnalist, “Real” Təhlil İnformasiya Mərkəzinin direktoru Mir Şahin Ağayev çıxışında bu cür ekran əsərlərinin milli-mədəni dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov isə bildirib ki, “Cənnətin iqamətgahı” əsasən Ordubadın etnoqrafik xüsusiyyətlərini əks etdirir. Onun sözlərinə görə, ekran əsəri sənədli-musiqili-etnoqrafik janrda hazırlanan ilk filmdir.
Çıxışlardan sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və ekran əsəri tamaşaçılara təqdim edilib.
Qeyd edək ki, film Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində “Azernyumedia” şirkətində istehsal olunub. Ekran əsərinin təsvir rejissoru Arif Zeynalov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, məsləhətçiləri isə Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar jurnalist Mir Şahin Ağayevdir.
Könül İbrahim
Musavat.com
Fotolar müəllifindir.
.jpeg)
.jpeg)

.jpeg)
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ