Onlayn ictimai-siyasi qəzet
Rusiyada 1000 rubl nominalında banknot yenidən dövriyyəyə buraxılıb. Yenilənmiş əskinas əvvəlki dizayn ətrafında yaranan qalmaqaldan sonra hazırlanıb.
Musavat.com xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən buraxılan yeni 1000 rubl Volqaboyu Federal Dairəsinə həsr olunub. Əskinasın ön tərəfində Nijni Novqorod Kremlinin Nikolsk qülləsi, arxa tərəfində isə Saratov körpüsü, “Meteor-120R” sürətli gəmisi və Kazan Kənd Təsərrüfatı Sarayı təsvir edilib.
Mərkəzi Bankın məlumatına görə, yeni banknot 26 dekabr 2025-ci ildən rəsmi dövriyyəyə daxil edilsə də, onun ölkə üzrə geniş yayılması üçün 1–1,5 il vaxt tələb olunur. Buna səbəb bankomatların və ödəniş sistemlərinin yeni dizayna texniki uyğunlaşdırılmasıdır. Hazırda dövriyyədə olan köhnə 1000 rubluq əskinaslar isə qüvvədə qalacaq və paralel istifadə olunacaq.
Qeyd edək ki, bu, 1000 rubluq banknotun ikinci buraxılışıdır. İlk dizayn Rus Pravoslav Kilsəsinin ciddi narazılığına səbəb olmuşdu. Kazan Kremlində yerləşən məbədin xaçsız təsviri kəskin tənqidlər doğurmuş, ictimai və dini çevrələrin təzyiqindən sonra Mərkəzi Bank həmin dizaynı geri çəkərək banknotu yenidən işləməyə məcbur qalmışdı.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ